Gedər (Miskin Abdal)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gedər Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Guşə-guşə yanıb nara yaxıldım,
Cismim od atəşə qalanıb gedər.
İmtahan eylərlər könlüm şəhrini,
Eşqi haqdan qeyri talanıb gedər.
Dərviş olan getməz fitnə-feyliynən,
Yandırar şammı o öz əliynən.
Yalan reymanıynan, haça diliynən,
Könül yar yolunda allanıb gedər.
Qiylü-qaldı səhər-axşam əhvalım,
Tor görür gözlərim, qarışır halım,
Qanlı çeşmi yazıq Miskin Abdalın,
Coşqun çaya nisbət sellənib gedər.