Gedər (Xəstə Hasan)
Görünüş
Gedər Müəllif: Xəstə Hasan |
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.442; ISBN 978-9952-571-42-4 |
Ayaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər,
Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər.
Aşnanın tərğini qılıb, meylini vermə yada,
Yad gəlib aşna olunca, aşna yar əldən gedər.
Gecə-gündüz gün dolanar, gərdiş eylər ayınan,
Ağ üzündə qoşa xallar düzülübdü sayınan.
Məğrurlanma dəli könül, hər gədaynan,
Bir gün olar, dövran dönər,dövlət-var əldən gedər.
İstə səni istəyəni, keçmə ondan heç necə,
Nazlı yar qəzəbə gəlib, ələ gəlməz heç necə.
Xəstə deyər, saxla məni, Haqq qonağı bir gecə,
Ay dolanıb illər keçər, ixtiyar əldən gedər.