Gedim mən

Vikimənbə saytından
Gedim mən
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 33

İltimasım budur, qohum-qardaşım,
İzin verin, Çələbyana gedim mən.
Əgər ki, bu yolda kəsilsə başım,
Qorxu yoxdur, qıyım cana, gedim mən.

О bir quba qazdı, mən şahişonqar,
Çallam qaynağıma, elərəm şikar.
Çəkərlər əlimdən aman, əl-hazar,
О meydana çox mərdana gedim mən.

Məhəmmədi siz qoymayın intizar,
Şövqi-bəndəm, gərək eyləyəm güzar.
Bilirsiniz, şairlikdə əlim var,
Cavab verim İreyhana, gedim mən.