Gedirəm (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gedirəm
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.73


Durum dolanım başına,
Ala gözlü yar, gedirəm.
Ölsəm, boynuna sadağa,
Qalsam, intizar gedirəm.

Mərd ilə eylə ülfəti,
Çəkmə namərddən minnəti.
Bülbül qızılgül həsrəti,
Qışı, yazı var, gedirəm.

Abbas deyər, gül bəhsidir,
Bundan artıq dərd hansıdı?
Ayrılığın vədəsidir,
Gəl könlümü al, gedirəm.