Gedirəm (Aşıq Heydər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gedirəm (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Məni salma yanar oda,
Gedirəm, ana, gedirəm.
Neylər mənə qəza-qada,
Gedirəm, ana, gedirəm!

Yolum gedir, İstanbula,
Haqq köməkdi qara qula.
Yar gərək yarını bula,
Gedirəm, ana, gedirəm!

Halal eylə, icazə ver,
Yuxarıda Allahı gör.
Gəl bu uçuq qəlbimi hör,
Gedirəm, ana, gedirəm!

Haqdan içmişəm badəni,
Sinəm gövhərin mədəni.
Gedim görüm gülbədəni,
Gedirəm, ana, gedirəm.

İstəyirəm görəm yarı,
Alma əldən ixtiyarı.
Sənsən Heydərin tutarı,
Gedirəm, ana, gedirəm!