Məzmuna keç

Gedir (Aşıq Talıb Dərələyəzli)

Vikimənbə saytından
Gedir
Müəllif: Aşıq Talıb Dərələyəzli
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.94; ISBN 978-9952-571-42-4

Alış indən belə, yan indən belə,
Ay könül, sevdiyin xar alıb gedir.
Yalçın qayalara get döy başını,
Gədə igid kimi yar alıb gedir.

Kasıblıq odunda tutuşan sönməz,
Ər ölər, əyilməz, nadana enməz.
Bir sənsən üstümdə, gözəgörünməz,
Tərlanın şikarın sar alıb gedir.

Talıb, nə yatmısan, mal qazanginən,
Sərinə sevdanı al, qazanginən.
Əlləş, çalış, vuruş, öl - qazanginən,
Gözəllər malını var alıb gedir.