Genə fələklər ünüşdü
Jump to navigation
Jump to search
Genə fələklər ünüşdü Müəllif: Əbülqasim Nəbati |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Genə fələklər ünüşdü
Qurban-qurban sədasından.
Məəttəl qalmışam, billah,
Aşiqlərin ədasından.
Mövcə gəldi gözüm yaşı,
Alışdı bağrımın başı.
Səs götürüb dağı-daşı,
Bu Məcnunun nəvasından.
Getdi gözümün qarası,
Getməz sərimdən havası,
Elə bil, tərlan balası
Cüda düşüb yüvasından.
Kəsildi könlümün zarı,
Tükəndi səbrü qərarı,
Bir yol öldür qurtar bari,
Bu hicranın bəlasından.
Gəldi Nəbati divanə,
Kənar durun, qaçın yanə,
Baxmaz o xanü sultanə
Həzər qılın xətasından.