Genə gəldi bahar fəsli
Görünüş
Genə gəldi bahar fəsli Müəllif: Əbülqasim Nəbati |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Genə gəldi bahar fəsli
Bülbül gəldi dadə, dadə,
Əhməri güllər açıldı,
Saqi, gətir badə, badə!
Genə səbz oldu çəmənlər,
Güldən bəzəndi gülşənlər,
Cıxmış seyrə gülbədənlər
Hamı üzü sadə, sadə.
Vəh vəh güldür bu ya lalə,
Gül üzünə qonub jalə,
Saqi, dur, ver bir piyalə
Dəli Fərhadə, Fərhadə.
Yar yolunda verdim başı,
Yastıq etdim qara daşı,
Döndü, billah, gözüm yaşı
Şətti-Bağdadə, Bağdadə.
Dəli könül, qəm zamanı,
Çox etmə ahü fəğanı,
Çağır Şahi-lafətanı,
Yetsin fəryadə, fəryadə.
Saqi, dur, ver bircə cağər,
Dindən döndüm, oldum kafər,
Tapammadım, qaldı gövhər,
Qəri-dəryadə, dəryadə.
Nəbati, dur hər səhərgah,
Oxu həmdü qülhüvvəllah,
Qalmadı əlhəmdülillah,
Arzun dünyadə, dünyadə.