Məzmuna keç

Getdi şan-şöhrətim, daha nə deyim

Vikimənbə saytından
Getdi şan-şöhrətim, daha nə deyim (1944)
Müəllif: Aşıq Heydər
1944-cü ilin noyabr ayında Axırkələk, Axısqa və Əsmincə türklərinin orta Asya və Qazaxıstana sürgün dövrlərindən bəhs edir.
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

                Nəyinə güvənim mən bu dünyanın,
                Getdi san - söhrətim, daha nə deyim!?
                Sındı qol - qanadım, qaldı göz dağım,
                Getdi şan şöhrətim, daha nə deyim!?
                  
                Şanlı torpaqlardan üzdüm əlimi,
                Dərdü - kədər yağır etdi dilimi .
                Hicran qəmi viran qoydu könlümü,
                Getdi şan - şöhrətim, daha nə deyim!?
                 
                Dağıldı Axısqa, yandı Əsmincə,
                Kor olaydım bu dövranı görüncə.
                Bu müsibət yaddan çıxmaz ölüncə,
                Getdi şan - şöhrətim, daha nə deyim!?
           
                De, bu nə fərmandı, bu nə əmirdi,
                Ya Rəbbim! canımız daşdı, dəmirdi.
                Gəlmələr yurdumu yıxdı, yemirdi,
                Getdi şan - şöhrətim, daha nə deyim!?
              
                Tutur tənələrə gədələr məni,
                Sibirə sürgünnən hədələr məni,
                Nə olsun tanıyır dədələr məni,
                Getdi şan - şöhrətim, daha nə deyim!?
               
                Bu yollar uzanır Qazaxıstana,
                Az qalır cismim də od tutub yana.
                Xar ol belə dövran, yan ay zamana,
                Getdi şan - şöhrətim, daha nə deyim!?
               
                Köç karvanı Ağbabadan yan gedir,
                Yaralarım göz- göz olub, qan gedir.
                Aşıq Heydər, sənnən şöhrət - şan gedir,
                Getdi şan - şöhrətim, daha nə deyim!?