Getdi (Əmin Xınalıqlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Getdi (Əmin Xınalıqlı) Müəllif: Əmin Xınalıqlı |
Təkəbbür dağların həmrahi olan
Vədə tamam oldu, qarıdı getdi,
Çəkildi zimistan, yaz bəhərləndi.
İsti havasında əridi, getdi.
Ustadın dinləyən nəsihət aldı,
Heyif, günüm keçdi, ömrüm azaldı,
Bülbül qönçə üçün zarıncı qaldı,
Bağçalar dolusu bar idi getdi.
Haqqın tərəfdarı danışmaz yalan,
Eyləməz özgənin malını talan,
Hər kəsə dünyada son nəsib olan
Beş arşın ağ idi, sarıdı getdi.
Biyarı cənnətdə iqrar imansız,
Doğrusun dəyirək, şəksiz-gümansız,
Neçələri gördüm ac dil, amansız,
Çoxları dövləti varıdı getdi.
Haqqı özü yaratdı əriş-zəmini,
Bu anlaşılmaz fitnə fellər damını,
Soruşsalar Xınalıqlı Əmini,
Deyin: bu dünyada var idi, getdi.