Getdi (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Getdi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Geçə-gündüz qan ağlaram,
Göz yaşım ümmana getdi.
Şirin canım yar yolunda
Olmağa qurbana getdi.

Doymadım yarın dilindən,
Qucmadım incə belindən,
Aldılar yarı əlimdən,
Qarğana-qarqana getdi.

Hər nə oldu mənə oldu,
Qaynadı peymanam doldu,
Desələr, Abbas necoldu?
Deyin, Tufarqana getdi.