Getdi (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Getdi
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Necə qəhrəmanlar gəldi dünyaya,
Köç vaxtı yetişdi, tez oldu getdi.
Rüstəmin zərbindən titrədi dağlar,
Düşdü dastanlara söz oldu getdi.

Hakimlik eylədi çox uzun vaxtı,
Bütün kainata Süleyman baxdı.
Tərsinə döndü şah Cəmşid taxtı,
Firudinin dərdi yüz oldu getdi.

Necoldu Keykavus, hanı Keyqubad,
Hansı bu dünyadan almışdı murad?
Allahlıq eylədi Fironla Şəddad,
Nəmrudun qalası düz oldu, getdi.

İskəndər Daranı taxtmdan saldı,
Cahana şah gəldi, sonu nə aldı?
Yarı yolda öldü, Misirdə qaldı,
Qasım kimi yandı, köz oldu getdi.