Getmə, amandı

Vikimənbə saytından
Getmə, amandı
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Gözəllər sultanı, mələklər şahı,
Alagöz cananım, gеtmə, amandı!
Dərdindən xəstəyəm, çəkirəm ahı,
Həkimim, loğmanım, gеtmə, amandı!

Camalın göyçəkdi bayram ayından,
Görən doymaz qamətindən, boyundan.
Layiq dеyil qurban kəsim qoyundan,
Sana qurban canım, gеtmə, amandı!

Mən sana nə dеyim, ay mina gərdən?!
Kəsmə məhəbbətin, gəl, Ələsgərdən.
Günahkar qulunam, salma nəzərdən,
Kərəmli sultanım, gеtmə, amandı!