Geyinibdir

Vikimənbə saytından
Geyinibdir
Müəllif: Aşıq Abdulla


Bülbüllər qonub budağa,
Gül qırmızı geyinibdir.
Sevdiyim başdan ayağa,
Al-qırmızı geyinibdir.

Öyün, öyün, könül öyün,
Sinəmə çəkilib düyün,
Sonalar çiməcək bu gün,
Göl qırmızı geyinibdir.

Əzəldən mən gəldim sizə,
Mayıl oldum ala gözə,
Yar qonaq gələcək bizə,
Yol qırmızı geyinibdir.

Haşa sevdiciyim haşa,
Deyilənlər gəldi başa,
Ağ üzündə qoşa-qoşa,
Xal qırmızı geyinibdir.

Cahan tökər qanlı yaşın,
Yandırdı bağrımın başın,
Çəkdin Abdullanın dişin,
Dil qırmızı geyinibdir.