Hörmətli qəzetimiz

Vikimənbə saytından
Hörmətli qəzetimiz
Müəllif: Mikayıl Müşfiq
Bu şeiri M.Müşfiq ilk qələm məhsullarının ən çox nəşr olunduğu “Gənc işçi” qəzetinin onillliyi münasibətilə yazmışdır.


Yadımdadır bu gün belə,
Bir bəxtiyar sevinc ilə
Könlümün ilk bəstəsini,
Ruhumun nəşidəsini
Oxuduğum əziz günlər.
Mənə açdın qoynunda yer,
Çılpaq, yetim duyğularım,
Ümidlərim, arzularım,
Sığındılar dərgahına,
Atıldılar pənahına.
Titrəyirkən, üşüyürkən,
Çırpınaraq tövşüyürkən
Gəncliyimin geniş qəlbi,
Bir şəfqətli ana kimi
İşıq verdin gözlərimə,
Qüvvət saçdın dizlərimə.
Uçmağa yoxkən uyarı
Şeirimin süs qanadları
Yalnız səndən qüvvət aldı.
Aman könül! O nə haldı?!
İlk nəşidəm çıxan zaman,
Mən bir çocuq kimi haman
Ətrafa salmışdım nəzər.
Ah o günlər, ah o günlər!...
Deyil mənə, ona, buna,
Mənim kimi bir çoxuna
Qüvvət verib, həycan verib,
Sarsılmayan bir can verib.
Uzun zaman cəmiyyətin
Ən çıxılmaz və ən çətin
Yollarına rəhbər oldun,
Fikrimizə mehvər oldun...
Bizə etdin böyük xidmət,
Bizdən sənə min bir hörmət!