Məzmuna keç

Hübb ayəsi, zahid, sənə Quranda tapıldı

Vikimənbə saytından
Hübb ayəsi, zahid, sənə Quranda tapıldı
Müəllif: Əbülhəsən Raci
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,
Misdaği mənə arizi-cananda tapıldı.

Asarı-şüunati-zühuratı-həqayiq,
Əlhəq genə bu məsləki-ürfanda tapıldı.

Sinəmdə əyan oldı tilismati-məhəbbət,
Bir gəncdü məxfi ki, bu viranda tapıldı.

Çeşmimdə xəyali-ərəqi-arizi-canan,
Guya düri-şəhvardu, ümmanda tapıldı.

İncitmün, ətibba, bizi, dərdi-qəmi-eşqə
Dərman nə Ərəstudə, nə Loğmanda tapıldı.

Qaldi səri-zülfündə könül, kamə yetişdüm,
Nə eyşdü bu, Şami-qəribanda tapıldı.

Zahid, bu pəriçöhrəyə bir diqqət ilə bax,
Get, gəz, gər əgər rövzeyi-rizvanda tapıldı?

Olmuşdu könül Yusifi bir müddət idi güm,
Axtardum onı, cahi-zənəxdanda tapıldı.

Ey vacibün imkaninə talib olan aşiq,
Məzhər ona, gəl, aləmi-imkanda tapıldı.

Qəmzən tükədüb, nazun alub, işvən apardı,
Sedparə könül hər biri bir yanda tapıldı.

Xət basdı qədəm naz ilə hüsnün vərəqinə,
Qarıncadü ya, təxti-Süleymanda tapıldı.

Bu Racidəki şur ilə sevdavü məhəbbət,
Məcnunda, nə Fərhad ilə Sənanda tapıldı.