Hücum etdi çaqqallar şirə
Hücum etdi çaqqallar şirə! (1993) Müəllif: RAUF CAVAD |
Hücum etdi çaqqallar şirə!
Üz döndərdi heyvanlar şirə!
Qalxdı o gün üsyan meşədə,
Var idi bəhanə hərədə.
Bu minvalla etdilər hədə,
Çıxdı üsyan çox böyük həddə!
Qurdu tələ canavar şirə!
Hücum etdi çaqqallar şirə!
Qorxutmaq istədilər şiri,
Öldürmək istədilər diri!
Çıxmışdı özündən hər biri,
Bərəlmiş gözlər olmuş iri.
Dedilər sənsən şikar, şirə!
Hücum etdi çaqqallar şirə!
Qaynayır damarında qanı,
Ağrayır bədəndə ruh-canı.
Yox ki, şirə rahatlıq anı,
Yetişərdi yardım zamanı!
Fəqət bu gün ölüm yar, şirə!
Hücum etdi çaqqallar şirə!
Gəlir şir ölümlə üz-üzə!
Qorxmur, çün olmaz cəza düzə!
Gəl təmaşa eylə bu gözə!
Gör, kim can verir doğru sözə!
Rauf, kim zərbə vurar şirə?!
Hücum etdi çaqqallar şirə!
...Müəllif:Rauf Cavad