Hürriyyət
Hürriyyət Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
İranlılar məşrutə almağa görə bizim irəvanlılar da həsəd aparıb hazırlaşırlar ki, Rusiya dövlətindən hər nə cür olsa, zorla da olsa, dörd bənddən ibarət bir hürriyyət alsınlar. Bunların dörd bənddən ibarət olan məramnamələri altdakı qərar üzrədir:
1. Bunlar nə vaxt Kərbəlayı-müəllayə və ya Məşhədi-müqəddəsə getməli olsalar, dövlət bunlara sualsız-cavabsız bilet versin ki, daha gizlin gedib, gülləyə düşüb Araz çayına qərq olmasınlar.
2. Bunlar ürəkləri istədiyi kimi övrətlərinİ döyüb, söyüb öldürsələr də, dövlət bunların bu işinə müdaxilə edib, öz qul hökmündə olan övrətlərinin şikayətinə yetişməsin.
3. Bunlar hər kəsi öldürələr və ya ölələr, ölən və öldürülən hər bir cür yara və nə tövr naxoşluq ilə ölürlərsə, dövlətin ixtiyarı olmasın bunların qarınlarını yırtmağa,
4. Bunlar məhərrəmlikdə gecələr şaxsey dəstəsi tutub, baydax bəzəyib, toy çaldırıb, hansı məhəllədən hansı məhəlləyə cəlal ilə getsələr və aşura günü ağ köynək dəstəsi bütün şəhəri dolansa, dövlət tərəfindən əbədən mümaniət olunmasın.
Vəssalam, Bu qedərcə hürriyyətə bunlar kifayət edirler, daha ayrı bir zad ilə işləri yoxdur.
Qoy gürcülər, ermənilər özlərindən ötrü nə istəyirlər İstəsinlər.
- “Molla Nəsrəddin”, 9 avqust 1909, N 32