Məzmuna keç

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur

Vikimənbə saytından
Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.117.

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Cənnət üçün mən’ edən aşiqləri didardən,
Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.

Eşq dərdindən olur aşiq mizaci müstəqim,
Aşiqin dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.

Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.