Hüsnün təala şanəhü sünində heyran olmuşam
Görünüş
Hüsnün təalə şanəhü sünində heyran olmuşam Müəllif: İmadəddin Nəsimi |
Hüsnün təala şanəhü sünində heyran olmuşam,
Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.
Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi,
Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam.
Abi-həyatın zövqünü mən ta ki, sordum ləblərin,
Içirmiş ol meydən mana, mən abi-heyvan olmuşam.
Simin əlin dəstan ilə ta könlümü seyd eylədi,
Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam.
Çün əhsəni-təqvim idi, əqlim mana insan dedi,
Ol canların məhbubu gör, bil kim, nə insan olmuşam.
Kə’bə üzündür canıma, eşq ilə məscudam ana,
Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam.
Bəndə Nəsimi görəli nuri-xuda üzündə mən
Indi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.