Həbs edildiyi barədə vəzirə məktub

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Həbs edildiyi barədə vəzirə məktub
Müəllif: Xaqani Şirvani


Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin səfərbər oldu,
Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,
Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,
Ona görə fanilikdən azad oldu əbədi

Öz qələmin rəng vermişdir məharətlə ruzgara,
Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri saflığına hər zaman
Nuş eyləyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
Sonra gedib hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,
Hünər ona deyərəm ki, almas polad sındıra.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad,
Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,
Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından boldu xurma dərərsən,
Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –
Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,
Çünki xəznə olar ancaq xarabazar məkanda.