Məzmuna keç

Həcər xanımla deyişmə

Vikimənbə saytından
Həcər xanımla deyişmə
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Müxəmməs

A ş ı q Ə l ə s g ə r
Həcər xanım, qaşın, gözün təhrində
Xətt yazsam, Quranda ayə düşərmi?!
Götürsən niqabı mah camalından,
Hüsnün nuri-təcəllaya düşərmi?!

H ə c ə r x a n ı m
Loğmadan kəc olan, nüftədən əyri,
Yüz dərs alsa, pür kamala yetişməz.
Bir qul düz dolansa haqqın yolunda,
Qəza tapmaz, ona bəla yetişməz.

A ş ı q Ə l ə s g ə r
Saxlasan, qapında mən ollam nökər,
Dişlərin mirvarı, dodağın şəkər.
Səni sevən bu dünyadan əl çəkər,
Daha qeyri təmənnaya düşərmi?!

H ə c ə r x a n ı m
Gər hökmün işləsə Qaf ilə Qafa,
Bihuda xərc çəkmə, əfsana cəfa.
Qəvvas tapar ləli, satar sərrafa,
Nə aşığa, nə abdala yetişməz.

A ş ı q Ə l ə s g ə r
Gözəl arif olub, mətləb qanmasa,
Yayınıb, yaşınıb, daldalanmasa,
Aşıq müştaq olub, qəlbi yanmasa,
Bir bu qədər ilticaya düşərmi?!

H ə c ə r x a n ı m
Eşit bu sözləri, saxla yadigar;
Gözəllərdə həya, iyidlərdə ar.
Axmaq köpək qaysavadan pay umar,
Nahaq düşüb o xəyala, yetişməz.

A ş ı q Ə l ə s g ə r
Qamətin mələkdi, hüsnün pəridi,
Könül gözlərinə çox müştəridi,
Camalın şoxundan cismim əridi,
Zülfündən üstümə saya düşərmi?!

H ə c ə r x a n ı m
Qəza insanatı tənabdan asar,
Leyli-nahar – muşdu, cəhd eylər, kəsər,
Əjdaha ayaqdan çəkər sərasər,
Əlləşər, barmağı bala yetişməz.

A ş ı q Ə l ə s g ə r
Yazıq Ələsgərin var etiqadı,
Möhr olunub gözəlliyin baratı,
Cismin sadağası, hüsnün zəkatı
Sail olan binəvaya düşərmi?!

H ə c ə r x a n ı m
Var Həcərin gözəllikdə isbatı;
Zər libasa naxış vurur xəyatı.
Olar gözəllərin xümsü, zəkatı,
Cavana yetişər, çala yetişməz.

A ş ı q Ə l ə s g ə r
Bilmirsənmi, subay gəzmək günahdı,
Şəriətə, yol-ərkana nə dedin?!
Hər könül özünə bir padişahdı,
Sındırdın, döndərdin qana, nə dedin?!

Yüz iyiddən birin bəyən, boyun əy,
Gələnin, gedənin az qəlbinə dəy.
İmirzə, Məhəmməd, Dünyamalı bəy
Az qalıb eşqindən yana, nə dedin?!

Aşığam, gedirəm hər xeyir-şərə,
Eşitcək, vəsfini yazdım dəftərə.
O gümüş vəznəli gələn bəylərə,
Bilirsənmi, sən zənana nə dedin?!

Kəsəmənli nə cür geyir papağı,
Sənə nə dəxli var, bimürvət yağı?!
Onların köysünə çəkibsən dağı,
Heç sağalmaz o nişana, nə dedin?!

H ə c ə r x a n ı m
Arif olan bu sözlərə inansın,
İzin verib ata-ana, deyirəm.
Anlamaz anlasın, qanmayan qansın,
At sürməsin bu meydana, deyirəm.

A ş ı q Ə l ə s g ə r
Məşəd Isə gəldi səni görməyə,
Kimin nə həddi var, qəlbinə dəyə.
Baş əymir sərdara, sultana, bəyə,
Söylə görüm, o tərlana nə dedin?

H ə c ə r x a n ı m
İnanma hədyana, lafi-kəzzafa
Bu sevdaya düşən heç tapmaz şəfa.
Əlac haqqa qalıb, insaf – sərrafa,
Yetirsin gövhəri kana, deyirəm

A ş ı q Ə l ə s g ə r
Bilmirsən, ərz edim, olgunan halı,
Onlara möhtacdı Göyçə mahalı;
Sana müştaq oldu bəy Molla Balı,
İsgəndər tək ac aslana nə dedin?!

H ə c ə r x a n ı m
İşim yoxdu dövlət ilə, var ilə,
Əhdim var Xudayü Kirdigar ilə.
Gül xar ilə uymaz, tərlan sar ilə,
Qarğa qonmaz gülüstana, deyirəm.

A ş ı q Ə l ə s g ə r
Ələsgər də hər elmdən halıdı,
Mövla baratıdı, öz kamalıdı.
Çəkdiyim özgənin qilü-qalıdı,
Axırında, mən cavana nə dedin?

H ə c ə r x a n ı m
Mən Həcərəm, əbrü ətlaz geymərəm,
Öz-özümə sultan mənəm, bəy mənəm,
Şövq əhlisən, xətirinə dəymərəm,
Səhv düşübsən sən pirana, deyirəm..