Məzmuna keç

Həcv (Qaracalar nadanlarına)

Vikimənbə saytından
Həcv (Qaracalar nadanlarına)
Müəllif: Sabir Əlim Xəliloğlu



(Qaracalar nadanlarına)


Ay həzarət, bir mahalım var mənim,
Xoş sədası yüz oymağa düşübdür.
Mələk kimi göydən enib milləti,
Yer üzünü yoluxmağa düşübdür.


Türk elatı, Qaracalar şöhrəti,
Tiflis altı, Kür qırağı dövləti;
Çox mahalda bu tayfanın qeyrəti
Dastan olub dil-dodağa düşübdür.


Soğanlıqda bir cökəyə çezəkdir,
Biri aya, biri günə bəzəkdir;
Kür bölübdür, qurumamış təzəkdir,
Yarı sola, yarı sağa düşübdür.


Tərkibatda bir əcayib xalxı var,
Acısı var, duzsuzu var, talxı var;
Burda hacı, rumi, qumi, bəlxi var,
Azan gəlib bu yatağa düşübdür.


Müslümanı, musəvisi anlamaz,
Dişqarısı, isəvisi anlamaz;
Bir ahılı, bir səvisi anlamaz;
Anlaq azıb, ağzı dağa düşübdür.


Yerlisi var, yaxması var, yadı var,
Gəlməsi var, bitməsi var, zadı var.
Türk adına bir quruca adı var,
Belə sanki gül batağa düşübdür.


Gəlməsi var, yerlisindən çox olar,
Yerlisi var, gəlməsindən.....ox olar;
Belə getsə bir gün olar yox olar,
Çünki haqdan çox uzağa düşübdür.


Əllisindən əlli biri ayıdır,
Qalanı da lap qabanın tayıdır,
Yanlarında kim dəbərsə, vayıdır,
Ağnamaqda püşk ulağa düşübdür.


Qocasını dinləyərsən, qaz olar,
Cavanını dindirərsən paz olar,
Xarabad yaxşı pisdən az olar,
Yaxşı dala, pis qabağa düşübdür.


Culfası var, cında-cırıq geyəndir,
Varlısı var, tən-ətənə yeyəndir;
Sadəsi var, bir özündən deyəndir,
Toxdağı var, yalanmağa düşübdür.


Alimi var, şərə fitva verəndir,
Abidi var, allaha üz görəndir,
Mollası var, mey küpünə girəndir,
Yay şəraba, qış arağa düşübdür.


Hatəmi var, hesabında həfçidir,
Mömini var, alverində kəfçidir,
Üzdən iraq, elə bil ki "Neftçi"dir,
Hər dərədən bir tısbağa düşübdür.


Qoynu behişt, camaatı ifritə,
Şəkli mələk, amma zatı ifritə,
Kürdü, rusu,türkü, tatı ifritə,
Nəcabətdə lap ayağa düşübdür.


Kim böyüyüb başa keçsə, yıxarlar,
Kim gərilsə, mancanaqda sıxarlar,
Haq deyənin axırına çıxarlar,
Çuğulları səs-sorağa düşübdür.


Yeziddə də insaf-aman olarmı?
Nahaqda da haqqa güman olarmı?
Belə yerdə məzhəb-iman olarmı?
Hər qəzadan bir.....ötağa düşübdür.


İgidləri yolkəsənlə it boğan,
Tamahları günbatanla aydoğan,
Əkinkəri — kəvər, tərə, göy-soğan,
Payız yeyən qış ayağa düşübdür.


Toxdamışı toqqasına bağ çəkər,
Görməmişi bığlarına yağ çəkər,
Bir-birinə yanğı verib dağ çəkər,
Bəhs ocağa, mərc uşağa düşübdür.


Məclisində başda nadan əyləşir,
İlxı çapan, it oynadan əyləşir,
Uc-bucaqda mirzə, loğman əyləşir,
Qanqal ata, ot ulağa düşübdür.


Bu mahalda baş qulaqdan ucuzdur,
Bu məclisdə söz dolaqdan ucuzdur,
Bu bazarda at ulaqdan ucuzdur,
Baha ucuz, ucuz baha düşübdür.


Qol açanın qollarını burublar,
Dil açanın çənəsini qırıblar,
Döş gərənin kürəyindən vurublar,
Mərd əzilib bir bucağa düşübdür.


Görən deyər: abi, həyat budur ki,
Qoynu dolu quba qazdır, qudur ki,
Amma bura bir əcayib sudur ki,
Hər çamırdan bir qurbağa düşübdür.


Bu tərəfdə baş papaqdan ucuzdur,
Qab qapaqdan, bar sapaqdan ucuzdur,
Gül alaqdan, zər tabaqdan ucuzdur,
İnci batıb, çöp qırağa düşübdür.


Hünərin var, mağarına girərsən,
Sacüstünü bir az əksik verərsən...
Bu milləti pay yeyəndə görəsən,
Sanki yüz it bir yalağa düşübdür.


Paylarını göydə qarıb alarlar,
Boğmalayıb qab-qacağı yalarlar;
Toyxanada elə haray salarlar,
Deyərsən ki, borşa bağa düşübdür.


Heç birisi sazı, sözü anlamaz,
Aşıq deyən tərsi, düzü anlamaz,
Yüzü qanmaz, yeddi yüzü anlamaz,
Burda saza lap qadağa düşübdür.


Kim toyuna bircə dəfə sallanar,
Cəhənnəmə dobrovolnu yollanar,
Belə yerdə al özü də allanar,
Cin də burda badalağa düşübdür.


Pul təlidir xeyirləri, şərləri,
Soymaq olub tamam dərdi-sərləri;
Yer üzünün tülkü-tülək nərləri,
Bircə bizim basarağa düşübdür.


Qaz ovunda qazananı qazlanıb,
Tutulanı türmələrə pazlanıb.
Yaz yetirib çaq-çuq üçün sazlanıb,
Biri dağa, biri bağa düşübdür.


Şil bütövü lağa qoyar,kor sağı,
Yağ götürməz it-küçüyün qursağı,
Şeyxi təpib şeyx elərlər sarsağı,
Burda piriz qanmamağa düşübdür.


Kim götürər bir bu qədər səyliyi:
Gəlmələrdə axtararlar eyliyi?
Bir odur ki, bu yerlərin bəyliyi
Beş-on gəlmə qurumsağa düşübdür.


Dogmamızı ayaqlayıb əkərik,
Gəlmələri iş başına çəkərik,
Yarı qoyub yada doğru səkərik,
Ayaq bizə, baş qonağa düşübdür.


Gəlmələri əzizlərik, püflərik,
Yerlimizə küt kəsərlə küflərik,
Yad gədanı bəsləyərik üflərik,
Sanki yerə göydən ağa düşübdür.


Oğru üçün özgə varı şirindir,
Ograş üçün özgə yarı şirindir,
Bunlar üçün yad xiyarı şirindir,
Bircə yada beş sadağa düşübdür.


Kütxanada arif olan neyləsin?
Kar qulağa zurna çalan neyləsin?
Belə yerdə qayda-filan neyləsin?
Cəhl araya, elm irağa düşübdür.


Belə yurdu fələk yıxsa yaxşıdır,
Belə mülkü yoxa çıxsa yaxşıdır,
Belə xalxa hal yoluxsa yaxşıdır,
Haq da deyər iş yolağa düşübdür.


Şükr eləyin dövlətinə Sabirin,
Həmd oxuyun millətinə Sabirin,
Qibtə qılın qismətinə Sabirin,
Yaxşı yerə, əcəb çağa düşübdür.


17 noyabr 1979, Gəncə