Hələ
Görünüş
Hələ Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.163 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Ey dünyanı anlamağa can atan,
Bilə-bilə get başını yor, hələ.
Məhəbbətə, mərhəmətə baxan kim?!
Məxluqatı ram eləyir zor, hələ.
Baş girləmə, qalıb sərvət hayına,
Neçə yerdən göz dikilib payına.
Ayıq ol ki, duz tökərlər çayına,
Gözlərinə çəkilməmiş tor, hələ.
El xəbərsiz sinəmdəki yaradan,
Qəmim yada xoş gələcək, yara dan.
Məhəttələm, nə gözləyir yaradan,
Çalınmayıb indiyədək sur, hələ?!
Dəli könül istəyini danmadı,
Ocaq çatdım, küləklədim, yanmadı.
Kimə dedim mətləbimi, qanmadı,
Dedi: çəkil, cızığında dur, hələ.
Aşıq Alı məskən salıb qayada,
Qıy çəkir ki, yatmışları oyada.
Bic toxumlar hal qoymadı mayada,
Kül içində gizlənibdi qor, hələ.