Məzmuna keç

Həmayıl oldu

Vikimənbə saytından
Həmayıl oldu
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

Yatmışdım üstümə gəldi bir pəri,
Yenə yar sevdası həmayıl oldu.
Dərdi-qəmin cana əsər elədi,
Qolların boynuma həmayil oldu.

Təbib görsün yaralarım, sinəm aç.
Öz əlinlə bu düyünüm, Sənəm, aç.
Demiş idin, hər gün verrəm sənə maç,
Günüm aya döndü, həm ay il oldu.

Vardım dost kuyinə, səg sana durdu,
Dərdim tək bir ikən, səksənə durdu.
Dost bizi görəntək səksənə durdu,
Gözəllər qəflətən həm ayıl oldu.

Seyrana duruban ağladı gəldi,
Gülməyə gəlməzdi, ağlada gəldi.
Xeyrin, şərin bilib ağla da gəldi,
Yarım cahil ikən, həm ayıl oldu.

Qara bağrım o gözəllər içində,
Əyilən sən, o gözəllər içində.
Xəstə Qasım o gözəllər içində,
Könlüm bir gözələ ha mayıl oldu.