Həmişə
Görünüş
Həmişə Müəllif: Aşıq Nəcəf Əlimərdanlı |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Qafil olma, diqqətinən fəhm eylə,
Yaxşını, yamanı tanı həmişə.
İstəsən ki, murazına çatasan,
Abad istə, sən, dünyanı həmişə.
İcazəsiz bir gül üzmə butadan,
Gen gəz qalmaqaldan, gen gəz xatadan.
İgid oğul törər əsil atadan,
Qoymaz olsun nahaq qanı həmişə.
Mərd igid meydanda qoyar sərini,
Yada salar ustadını, pirini.
Axtarar dayazı, gəzər dərini,
Qoyar dost yolunda canı həmişə.
Şamama bitirməz namərdin tağı,
Yığılmaz başına ağır yığnağı,
Mərdin qaydasıdır əylər qonağı,
Açar süfrə, tökər nanı həmişə.
Dilində zikr elə, Əli - İmranı,
Odur qiyamətdə haqqın divanı.
Nəcəf, mərifətlə dolan dünyanı,
Sən ol xalqın mehribanı həmişə.