Məzmuna keç

Həqiqi gözəllik və hərəkətsiz nisfimiz

Vikimənbə saytından
Həqiqi gözəllik və hərəkətsiz nisfimiz (1909)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


1

"Molla Nəsrəddin" jurnalının 14-cü nömrəsində qurşaqdan yuxarı iki adam surəti çəkilmişdir. Bunlardan birisi məhz ağzı ilə, o birisi başı ilə iş görən adamların şəkilləridir ki, onlara diqqət yetirməmək olmaz. Bu şəkillərin altında yazılıbdır: "Bədənin hansı üzvü işləsə böyüyər və qüvvət tapar". Bu sözlərin doğruluğu şəkillərdən görünür.

Hər iki şəkil çirkin, yöndəmsiz, bədtərkib və hətta nifrət gətirici şəkillərdir. Əgərçi bu surətləri çəkməkdən "Molla Nəsrəddin"in muradı başı ilə işləyəni ağzı ilə zəhmət çəkənə tərcih verməkdir, vəli bizim nəzərimizdə hər ikisi çirkindir.

Ağzı ilə işləyənin ağzı və çənələri, başı ilə işləyənin başı bədənin sair üzvlərinə nisbətən həddən ziyadə böyük və zorba çıxıbdır.

Əvvəlki xırdaca başlı və yekəqarın bir qisim balıq var, ona oxşayır, ikincisi Hindistan aclarına bənzəyir.

Bu cür adamların vücudu hər məkanda və zamanda olubdur və vardır. Bizim içimizdə başı ilə iş görənlərin ədədi az isə də, ağzı və dişləri ilə şöhrət kəsb edənlərin həddi, hesabı yoxdur.

Hər halda bədənin bir üzvünün böyüyüb əndazədən çıxması və sairlərinii kiçilib balaca və zəif olması bədəni yaraşıqdan salır, onu çirkin, görkəmsiz və nahəmvar eləyir. Bədənin gözəl, göyçək və xoşayənd olması münhəsirdir onun üzvlərinin mötədil, mütənəssiq və yek-digərinə uyğun və müvafiq olmağına.

Nəinki bir bəşər qisminin, hətta sair heyvanat və nəbatatın, bəlkə hər qisim məxluqatın gözəlliyi və qəşəngliyi onların vücudunu tərkib edən əza və hissələrin biri-birinə müvafiq, yaraşıqlı və mütənasib olmalarından ibarətdir. Həddən ziyadə yekəağız, yekəbaş, yekəqarın adama xoş gəlməyən kimi, həddən ziyada balaca baş, xırdaça gözlər, nazik və zəif əllər və ayaqlar da adamın nifrətinə səbəb olur. Heyvanat qismində dəxi bu eyblər müşahidə olunduqda insan onlardan nifrət edir, düyünlü, əyri və bədtərkib ağacları da adəm övladı xoşlamayıb, hər şeyin gözəlinə, xoştərkib, xoşəndam və xoş şəklinə meyl və rəğbət göstərir….

Mədhi-dilbər yazmaqda misli və bərabəri olmayan Molla Pənah Vaqif gözəlliyin bir nişanəsi olan zülfə hər bir şeyini bağışlayır:

Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə,
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Və lakin insanın gözəlliyi, zahiri məlahət və hüsnü lətafətdən ibarət olmayıb, onda ağıl və fərasətin mövcud olmağı dəxi əvvəlinci şərtlərdəndir. Zahiri gözəlliyi və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Ağılsız və mərifətsiz gözəl məqbul və müstəhsən deyildir. Bir surət zahirdə nə qədər düzgün, eybsiz və qüsursuz olsa da, onda ağlın nuru təcəlli etməsə, kamal və mərifət asarı görsənməsə, o surət dilpəsənd, könülalıcı və fərəhgətirici ola bilməz. Habelə ağlın mənbəyi, fikir və fərasətin məzhəri hesab olunan gözlər zahirdə nə qədər göyçək və eybsiz olsa da, insanın qəlbini tərpədib diqqətini cəlb edə bilməz, vaxta ki, onlarda ağıl və şüur əlaməti görünməyə. Maral, əlik, ceyran qismi çox heyvanlar var ki, onların gözlərinin tərifi şairlər kəlamına düşübdür. Vəli həqiqət halda ahu qisim heyvanların gözləri nə qədər zahirdə göyçək olsa da, insana çəndan təsir edə bilmir, əzbəs ki, onlarda şuxluq yoxdur, ağıl, fitrət və cibilli asarı görünməyir və Vaqifin yazdığı əlamətlər--"fitnələr", "fellər" onlarda müşahidə olunmayır. Necə ki, şair deyibdir:

Qaynar gözlərindən, şux baxışından
Əcayib fitnələr, fellər görünür.

Bəs məlum olur ki, şairin sevdiyi qaynar gözlər o gözlərdir ki, ağıl və fəhmin əlaməti onda zahir olur və onların şux baxışından fitnələr və fellər görünür. Şairin sevdiyi şux baxışlı gözlərdir, ahunun zahirdə göyçək, amma həqiqətdə qəlbi-insanı hərəkətə gətirməkdə aciz olan qara gözləri deyil. Hükəma nöqteyi-nəzərincə hər bir camaat, hər bir qövm və millət təklikdə böyük bir cisim mənziləsindədir və bu cismi-əzimi təşkil və təsis edən əfradi-bəşər onun üzvləri məqamındadırlar.

Belə olan surətdə hər bir camaatın, hər bir tayfa və millətin şan və şərafəti, qüvvət və miknəti, dövlət və sərvəti filcümlə maddi və mənəvi salamatlığı, gözəlliyi və vəqü heysiyyəti münhəsirdir onları tərtib və təşkil edən üzv və ünsürlərin yek-digərinə mütənasiq və mütənasib olmasına və bunların sülh və ittifaq ilə səy və təlaş edib. Hər birinə müxtəss olan əmalı icra etməsinə. Necə ki, baş işləyib bədənin sair üzvləri hərəkətdən düşəndə və ya sair üzvlər işdə olub, baş işsiz və fikirsiz qalanda şəxsin bədəni çirkin olub işi düzgün getməz, habelə də bir millətin ünsürlərindən bir hissəsi müttəsil işdə və təlaşda olub qeyri bir hissəsi fəaliyyətdən düşsə, işsiz və hərəkətsiz qalsa, o millət nəinki zahirən çirkin, bədtərkib görünəcәkdir, bəlkə müruri-əyyam ilə mənən dəxi zəif, aciz və qüvvətsiz olub taqətdən və hörmətdən düşəcәkdir, şan və şərafətini bilmərrə itirəcәkdir.

Rübi-məskunun müxtəlif mərkəzlərində sükunət edən müsəlman millətlərinin mədəniyyət və fəzilət cəhətincə dalda qalmaqlarına, tərəqqi və təalada icz göstərməklərinə bais olan ümdə səbəblərdən birisi də onların hər birisinin təklikdə yarı hissəsi işdə və zəhmətdə olub, o biri hissəsi, tamam yarısı işsiz və şüğlsüz, dünyadan bilkülliyyə bixəbər halda yaşayıb qalmağıdır. Bu bədbəxt hissə aləmi-islamda ünas əhlindən ibarətdir.

Təlim və tərbiyədən məyus, hörmət və ixtiyardan məhrum qalmış müsəlman övrətləri qədim əsrlərdən bəridir ki, ciddi fel və hərəkətdən düşmüş, izzət və şərafətini itirmiş, hərəkətsiz və ölmüş bir üzv məqamındadır….

2

Neçə vaxt bundan müqəddəm "Hərəkətsiz hissəmiz" sərlövhəsi ilə "Tərəqqi"də yazdığımız bir məqalədə məzkur hissənin aləmi-islamda ünas əhlindən ibarət olduğunu şərh və bəyan etmişdik. Məqalənin axırında bu mətləbə daha da bəst verməyi vədə etmişdiksə də, vaxtında vədəyə əməl edə bilmədik. Möhtərəm oxucularımız əfv buyursunlar.

Necə ki, falic azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir, habelə aləmi-islamda da müsəlmanların bir nisfi ki, ibarət ola ixtiyarsız, elm və tərbiyəsiz biçarə arvadlardan, nisfi-digərinə böyük həml olub, onların tərəqqi etməyinə, elm və mərifət kəsb qılmağına mane olur. Həm əqlən və həm şərən arvadlar kişilərin bir şaqqası və dilimi olmağı mühəqqəqdir. Buna "innəmən nisau şəqaiqür ricali" hədisi-şərifi şahiddir.

Bu hədisdən anlaşılan budur ki, arvad kişinin misli və nəziri və yaxud nisfi-digəridir. Belə ki, kişi təklikdə naqis və yarımçıq bir vücuddur. Onun həddi-kamala yetişməyi bağlıdır nisfi-digəri məqamında olan arvadın vücuduna. Bunların hər ikisindən övlad törəyir və nəsil əmələ gəlir. "Bəqayi-insan, nizami-bəşər və nəzmi-dövran"--bu iki şaqqaların birləşib bir cildi-vahidə girməyinə bağlıdır. Burası dürüst təhqiq və təfhim olunandan sonra arvadların viqayeyi-hüquqları əmrində ehtimami-küllü göstərməlidir. Xüsusən, bizim əsrimizdə ki, hətta Avropa arvadları arasında dəxi böyük cünbüş və hərəkət var. Hər yerdə cəmiyyətlər təşkil edib, azadə arvadlar öz azadlıqlarına qane olmayıb, daha da artıq hüquq və ixtiyar kəsb etməyə çalışırlar. "Molla Nəsrəddin"in 29-cu nömrəsində "Bihəyalar" ünvanında yazılmış nazik işarəyə diqqət yetirilməlidir.

Rus şairlərindən məşhur Nekrasov bir kəlamında rus arvadlarının ixtiyarsız və fəna bir halda yaşamalarından bəhs edib, onların üç qisim bəd iqbalda və nəhs taledə yaranmaqlarını zikr qılır. Əvvəlinci bəd tale onların anadan kəniz və ixtiyarsız doğulmağıdır. İkinci bəd tale qul kişiyə arvad olmağıdır. Üçüncü bəd tale və qarabəxtlik qul anası olmağıdır və qul övlada pərəstarlıq etməyidir.

Burada Nekrasov rus arvadlarının fəna halını, icz və inkisar üzrə zindəganlıq etməklərini göstərmək ilə belə tamam rus millətinin ixtiyarsız qul olmalarını dəxi gizləməyibdir. Bəlkə kişilərin daha da artıcaq yaman halda dolanmaqlarını bəyan edibdir. Filhəqiqə "Qul kişiyə arvad olmaq, qul adama analıq etmək" ağır və məşəqqətli peşə isə də, hər iki surətdə həqiqəti-əmrdə qul olan kişi olur, arvad olmur.

Amma müsəlmanlıqda müsəlmanlar arasında hər üç surətdə qul və kəniz halında gün keçirən və ömrünü zay edən arvad tayfası olur. Anadan kəniz doğulur, ərə getdikdə ərinə kənizlik edir və həmişə ərinə və yoldaşına "ər" və "yoldaş" deməyib, "sahibim" deyir. Axırda tərbiyəsiz övladına ana olmayıb, kəniz olur.

Qədim zamandan bəridir ki, Azərbaycan türklərinin arasında arvadların halına məxsus onların öz dillərindən belə sözlər deyilir:

Qız idim, sultan idim,
Nişanlandım xan oldum.
Gəlin oldum, qul oldum,
Ayaqlara çul oldum!

Bu sözlərdən məlum olur ki, müsəlman arvadı ömründə beş-on il xoşbəxtlik və ağ gün görürsə, o da qızlıq əyyamındadır. Ona nişan taxılanda bir az vaxtda hörməti zahirən bir azacıq da artır. Elə ki, gəlin olur, qul olur və get-gedə hörmət və izzətini bilmərrə itirib, ayaq altına düşən çul və palas mərtəbəsinə tənəzzül edir. Başqa bir misalda arvadın dilindən bu sözləri eşidirik:

Qız idim, geydirdilər ibrü vəfa köynəyini,
Nişanlandım, geydirdilər zövqü səfa köynəyini,
Gəlin oldum, geydirdilər cəbrü cəfa göynəyini.

Bu sözlər dəxi ona şəhadət verir ki, müsəlman arvadının ömründə bir neçə ağ gün varsa, o da qızlıq və nişanlılıq halındadır.

Bu ağ gün də müsəlman qızlarının çox tez ərə verilməyi nəzərə alınsa, on dörd-on beş ildən ziyadə çəkmir. Ondan sonra biçarə arvad analıq halına yetişib, ölənə kimi əynindən "cəbrü cəfa" köynəyini çıxartmır və sahibinin sərtvücud rəftarından vaxtsız qocalır, qönçə ikən açılmamış solur, tələf olur….

Əgər mətləbin künhünə diqqət yetirib dürüst fikir etsək, onda görərik ki, arvadların təlim və tərbiyəsiz qalmaqlarının, çox işlərdə ixtiyarsız olmaqlarının, övzai-zəmanədən və dünya işlərindən bilkülliyə bixəbər qalmaqlarının zərəri özlərindən artıq kişilərə yetişir, ağılsız, elm və mərifətsiz arvadın yaraşıqsız işi və uyğunsuz hərəkət və söhbəti hamıdan artıq öz kişisinə təsir edir. Kişi təcrübə, elm və bilik cəhətincə hər zaman və məkanda arvaddan artıq olubdur və özünün şaqqası məqamında olan arvadın ağılsız, fəhmsiz və sadədil olduğunu müşahidə etdikcə ürəkdən ağrıyıb içəridən yanır.

O səbəbdəndir ki, bir kişi elm və mərifət sarıdan nə qədər artıq tərəqqi etmiş olsa, bir o qədər o özü üçün münasib yar və yoldaş aramaqda ehtiyatlı olur və evlənmək üçün ən çətin məsələlərdən birisi hesab olunur.

Bu çətin məsələ cümlədən artıq müsəlman əhli-mərifətinin (intelligensiyasının) qabağını kəsibdir. Əksər ittifaqlarda onlar öz millətləri və həmməzhəbləri arasında müvafiq həmsər və yoldaş tapa bilməyirlər….

Bu halda intelligentni şəxsin təmənnası artıbdır. O təmənnaları keçmiş zəmanənin ayin və adatı ilə tərbiyə almış qızlar yerinə yetirməkdə acizdirlər. İndiki adamlar məhəbbət adlanan ali hissə başqa məna verirlər. O səbəbdəndir ki, mədəniyyətli millətlər arasında təəhhül və təzvic məsələsinə artıq diqqət yetirirlər və artıq ehtiyatlı olurlar. Burada bir boşqab şirni və bir kəllə qənd və üç manat pul ilə tez əldən iş bitib əqdi-nikah cari olmur.

Doğrudan da, ər ilə arvadın arasında mərifəs cəhətincə nə qədər təfavüt çox və mənəvi qərabət az olsa, bir o qədər bunların bir yerdə olmağı kişi üçün ağır və çətin olur. Bu surətdə elmsiz və mərifətsiz arvad kişisinin ruhani tərəqqisinə və mənəvi şüğllərinə mane olur. Biçarənin qol və qanadını bağlayıb, ağıl və ruhunun tərəqqi və təcəllisini gah qisim-qisim iddialar ilə pozur və gah həmişə əllərində olan göz yaşı ilə qərq edir. Ürəyi elm və bilik şövqü ilə dolmuş və qəlbində mərifət çırağı yanmış hər bir kişi, xüsusən cavanlıq mövsümündə, mərhum Abdullabəy Asinin kəlamı misdaqincə "Günəş həmxanəliyini məva etmək arzusunda olub", tərlan kimi uca məqamlara uçub qalxmaq istəyir və lakin bu halda dişi qaz misilli bir arvada rast gəlib, qüvvəyi-şəhviyyəsinə məğlub olub, onunla həmsər olur və tezlikcə özü də tərlan ikən çevrilib qaz olur, çamurlu və üfunətli gölmələr içində özünə və balalarına üfunətli tömə axtarmaqla ömrünü zay edir.

Belə ki, "Mürği-Qaf ilə həmzəban olub, dövrə qalxmağa balü pər bağlamış" arvadlar hənuz müsəlmanlar arasında hasilə gəlməyibdir.

3

Bilmək gərəkdir ki, ünas əhlinin elm və mərifətsizlikləri ucundan bu qədər dalda qalmaqları, bu qədər biixtiyar, avam və sadədil olmaqları məhz bir özlərinə və kişilərinə zərər yetirmir. Bəlkə bunlardan da artıq onun ziyanı və sədəməsi övlada və körpə balalara toxunur.

Tәәccüb etməli haldır, analıq və ana olmaqlıq ziyadə çətin və bununla belə müqəddəs bir peşə sayıldığı halda, o çətin peşəni və müqəddəs vəzifəni layiqincə icra etməyə analar hazırlaşdırmaq fikrinə düşmürlər. Bu məsələdə hamıdan artıq qəflətdə olan müsəlmanlardır. Dünənki uşağı, gəlin oynadan və ağzından hənuz süd iyi gələn körpə bir qız balasını bu gün arvad edib, gəlin oynatmaq əvəzində balaya süd və tərbiyə verməyə vadar və məcbur qılırlar. Nə böyük zülm və ədalətsizlik! Və nə böyük cəhalət və divanəlik! Filhəqiqə, belə körpə, əti və sümüyü bərkiməmiş anadan vücuda gələn balalar cismən və əqlən nə qədər zəif, nəhif və mayasız gərək olsunlar. Övladın tərbiyəsi və təlimi ancaq o vədə qaydaya düşüb təbii ola bilər ki, onların vücuduna səbəb olan ata və ana həddi-kamala yetişib, ağıl və fərasətdə, elm və bilikdə, ixtiyar və hüquqda biri-birinə müvafiq olalar, biri-birinə həqiqi mərifət və məhəbbət ilə bağlanmış olalar və hər ikisi təlim və tərbiyənin yolunu kamalınca anlayalar. Bu surətdə demək olar ki, ər və arvad bir cismin, bir bədənin iki müvafiq hissələri və təbii parçalarıdır. Ancaq belə əqlən, əxlaqən və cismən yek-digərinə müvafiq və müsavi olan ər və arvadın əqdləri mübarək və müqəddəsdir və bunlardan törəyən övlad hüsn-tərbiyə almağa müvəffəq ola bilər. Zira ki, ağıl və kamalı dürüst və canı salamat valideyn çalışacaqlar ki, övladları hər bir cəhətdən onların özündən əfzəl və ikmal olsun.

Xeyli zamandır ki, Avropada və sair yerlərdə mədəniyyətli qövm və tayfalar arasında ünas tayfası öz hüquq və ixtiyarlarını axtarmaqdadır. Bəzi məmləkətlərdə bunlar bir növ məramlarına nail və mətləblərinə vasil olmuş kimidirlər. Bunları təbrik etmək olar. Bu axır vaxtlarda islam aləminin bəzi niqat və guşələrində müsəlman arvadlarının içində bir növ cünbüş və hərəkət müşahidə olunur. Onlar tərəfdən gahda bir nazikanə tələbi-hürriyyət, hüquq və ixtiyarat sədası gəlir. Müsəlman xanımları da guya özlərinin fəna halda yaşamaqlarını düşünüb, qeydi-əsarətdən və bəndi-zillətdən azad olmaqlarına çarə və tədbir aramaq fikrinə düşürlər. Yavaş-yavaş özlərini tanımaq, təkliflərini anlamaq, qədr və qiymətlərini bilmək istəyirlər.

Doğrudan da, ana olmaq, körpə balaya döşdən süd verib onu bələməkdən və ona dayəlik etməkdən ibarət deyil. Analığın, necə ki, yuxarıda zikr olundu, başqa şərt-şrutları vardır ki, onları kamalınca dərk edib yerinə yetirməyə elm və mərifət və anlaq lazımdır.

Və həmçinin arvad olmaq yalnız bir bədən və cisim ilə kişiyə qulluq edib, cismani xahişlərini əmələ gətirmək deyil. Həqiqi arvad olmağın dəxi çox mühüm şərtləri vardır ki, onları bilməməkdən bizim yazıq arvadlarımız kişilərinin nəzərində belə xar, zəlil
olublar.

Elmsiz və cahilə ananın öz övladına nüfuzu o vaxta kimi ola bilər ki, onlar nabaliğ tifl halındadırlar. Necə ki, onların ağıl və fəhmi yaxşı-yamana fərq verməkdə acizdir.

Amma zamaniki övlad böyüyüb təlim və tərbiyə alır və elm nuru ilə ağıl və zəkavətini işıqlandırır, onda anasının dünyadan bixəbər və sırf cahilə olduğunu bilib, bir yandan onun sadəliyinə təәccüb edir və bir yandan ona yazığı gəlir. Belə olan surətdə mənəviyyat sarıdan onların yaxınlaşmağı mümkün olmur.

Ananın sözünü övlad, övladın dediyini ana başa düşməyib, xilqətən bu qədər yavuq ikən biri-birinə yad olurlar. Bu halda biçarə ana övladından şikayətçi olub, onların əmək itirməklərindən, haqq-naşünas olmaqlarından başlayır qonum-qonşuya giley etməyə. Bu hal həqiqətdə hər iki tərəf üçün ağır və ürək yandırıcı bir haldır.

Bu halı rus ədiblərindən məşhur Turgenev "Atalar və oğullar" sərlövhəsi ilə yazdığı bir romanında artıq məharətlə kəşf və bəyan edibdir.

Heyfa ki, bizim əhli-qələmimiz belə mühüm mətləblərdən qafildirlər. Ər ilə arvadın arasında olan əlaqəyə diqqət yetirdikdə görürük ki, bunların mabeynində təfavüti-əql, fəhm və idrak daha da artıq dərəcədədir. Bu təfavütdən nəşət edən fənalıq və nifaq məişətimizi pozğun edib, dolanacağımızı nizam və qaydadan salır və bu yolda o qədər faciələr və ürək yandırıcı müsibətlər vüquə gəlir ki, onları dil ilə söyləmək və qələm ilə yazıb başa yetirmək olmaz. Ər və övrət şərən və əqlən bir bədənin iki şaqqası və müvafiq hissəsi olduqlarına görə bunların arasında olan yekdillik, ülfət, məhəbbət və mənəvi qərabət gərəkdir heç bir kəsin mabeynində mülahizə olunmasın və lakin, mətəəssüf, müsəlmanlar arasında hər bir ailənin xoşbəxtliyinə səbəb olan bu iki hissə, yəni ər və arvad əksəriyyətən bir-birinə müvafiq gəlmir. Hissənin biri, yəni ər, yəni ağıl və kamal və bilmək cəhətindən öz mənəvi parçasından, yəni arvadından əla dərəcədə durduğuna görə onunla ülfət və saziş edə bilmir.

Bu mənanı "Molla Nəsrəddin"in 30-cu nömrəsində cənab Lağlağı "həlal" ünvanında yazdığı məqalədə zarafatyana daha da açıq söyləyibdir. Amma o şey ki, Lağlağı məzəliliyə salıb açıq söyləyir, onu biz bir az pərdəli danışmağa məcburuq.

Necə ki, qədim Yunanıstanda hükəma və filosoflar öz ailələrindən xəlvət qaçıb, getera adlanan azad və bir növ əxlaqsız arvadlar məclisində ruhlarını şad və vaxtlarını xoş keçirirdilər, habelə bu halda bizim müsəlmanlar içində, xüsusən elm və kamal təhsil edənlər arasında, çoxları elm və tərbiyəsiz müsəlman arvadlarına meyl və rəğbət göstərməyib, özləri üçün naməşru yol ilə ruslardan, nemsələrdən və yəhudilərdən yoldaş və həmsər axtarırlar. Bizim anladığımıza görə, özgə sayaq da ola bilməz. Çünki kişini arvad özünə məhz bir cismi və zahir camalı ilə bənd edə bilməz. Bunun üçün ağıl və kamal da lazımdır. Zahiri gözəllik kişini ancaq əvvəl dəfələrdə özünə mayil və rağib edir. Necə ki, kişi bir gözələ malik və sahib olmayıbdır, onun tələbindədir və bu halda gözəllik nüfuzu artıq və hökmürəvandır. Amma elə ki, kişi ona qalib gəldi və ona sahibləndi, onda zahiri gözəllik mənadan düşür və bir az vaxtdan sonra əzəlki qədrü qiymətini sahibinin nəzərində itirir. Bundan sonar kişini özünə bənd edən ağıl və kamal və sirətin gözəlliyidir. Və həqiqəti-əmrdə insanı özünə bağlayan və həmişəlik aşiq edən camali-zahiri deyil, camali-mənəvidir. Əsil gözəllik surətdə deyil, ağıl və kamalda, əxlaq və sirətdədir.

Bunu dürüst biləndən sonra arvadlarımızın ağlının, əxlaqının və filcümlə mənəvi kamalatının tərbiyəsinə məşğul olmağı əvvəlinci vəzifələrimizdən gərəkdir hesab edək. Tərəqqi və təalamızın hüsulu arvadlarımıza təlim və tərbiyə verməyə və onları qaranlıq və cəhalət aləmindən elm və mərifət dünyasına çıxartmağa münhəsirdir.

Bu halda hərəkətsiz və taqətsiz hissəmizi hərəkətə gətirib, bütün bədənə dirilik və salamatlıq vermiş kimi oluruq və mənəvi tərəqqimizə bir rast və gen-şahrah açırıq.