Həqqə gəl, Həqq səndədir, Ruhullah, İnsan oğlu

Vikimənbə saytından
Həqqə gəl! Həqq səndədir! Ruhullah! İnsan oğlu! (1995)
Müəllif: RAUF CAVAD

Mövludun mübarək! Yoxdan yaranan an oğlu!
Xəmri topraqdan yoğrulan, fani Zaman oğlu!

Xoş gəldin sən dünyaya, hamı yoxdan var oldu!
Varlıq aləmində yox yoxuldu, viran oğlu!

Unutma varlığını! Həyatda can yaşarkən,
Unut varlığını! Əbədi sayma, qan oğlu!

Gizlənib səndə necə sirlər, ləlü gövhərlər!
Aşikar eylə özünü, sirli cahan oğlu!

Yaradıb külli kainatı Həqq, həpsi səndə!
Sahib ol cümlə aləmə, Hikmət qanan oğlu!

Gör Nuru necə yayılıb, Həqq cümlə cahana!
Həqqə gəl! Həqq səndədir! Ruhullah! İnsan oğlu!

Ol dedi oldun! Üfürdü Ruhundan var oldun!
Ruhu, ruhdan ayrıldı! Yox var oldu! Can oğlu!

Yaratdı xilqəti fəqət sən şah əsər oldun!
Əsərlər içində örnək, nümunəxan oğlu!

Kimlər təəccüb etdi!? Mələklər qibtə etdi!
Xar İblis küfr etdi düşmən oldu! Əyan oğlu!

Olma qafil! Hər an ayıq ol! Gör xar düşməni!
İntiqamı yaman gizlənir! Ey bəyan oğlu!

Oturub gizli fitva verir nəfslərdə şeytan!
Barmağ edir yaxşı istəklərə nadan oğlu!

Gizlənib oğru, zülm edir insana insanla!
Görmür kor! Pis istəkdə gizlənib yalan oğlu!

Tərbiyə et istəyini, xeyirxah nəfs istə!
İstəklərin bitməz-tükənməz! Ey güman oğlu!

Yaxından yaxındır, Həqq, şah damara yaxındır!
Dindir sual et! Al cavab-nida! İman oğlu!

Rauf sirri aşikar eylər! Tək sual eylər!
Utanmazmı insaf!? Danar Həqqi vicdan oğlu?!