Həqqi sevən qanır ki, nəfs, reyhan kimidir
Görünüş
Həqqi sevən qanır ki, nəfs, reyhan kimidir (1993) Müəllif: RAUF CAVAD |
Yezid kəsin nəfsi İblis, ilan kimidir,
Tor gəlib gözünə, nəfsi duman kimidir.
Tüğyan edir gizli istəklər arzularda,
Dilək tutur şeytan, guya insan kimidir.
Nədir nəfsdə qəbahət, edir kimi sürgün?
Cahil, qul-əsir nəfsinə, tufan kimidir.
Düşüb səhraya qərib, nəfsi dəli Məcnun,
Leyladan ötrü, hali pərişan kimidir.
Sevgi, istəyə bağlı, dilbərin quludur,
Məşuq yolunda aşiq, pak qurban kimidir.
Kim verib nəfsə özəllik həm də gözəllik?
Həqqi sevən qanır ki, nəfs, reyhan kimidir!
Axı bu dəli nəfsi kim idarə edir?
Mən iradə edir, könlüm heyran kimidir.
Rauf, nəfs ahü zar eyləyir eşq əlindən,
Qafil nə bilə ki, ümid, zaman kimidir!