Məzmuna keç

Hər dəm ğəmində naləvü ahim yetər mana

Vikimənbə saytından
Hər dəm ğəmində naləvü ahim yetər mana
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.29-30.

Hər dəm ğəmində naləvü ahim yetər mana.
Dünya yüzündə оl yüzi mahim yetər mana.

İsbat qılmışam rüxi-zərdü əşki-sürximi,
Də’viyi-eşqə böylə güvahim yetər mana.

Aləm xəlayiqi mənə cümlə həsud оla,
Оl asitanın iti pənahim yetər mana.

Zahid, ögünmə, taleyi, sə’dəm deyib yügüş,
Sən var işinə, bəxti-siyahim yetər mana.

Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən,
Cümlə xətadə lütfi-ilahim yetər mana.