Məzmuna keç

Hər gün bir az (13 iyun 1904)

Vikimənbə saytından
Hər gün bir az (13 iyun 1904)
Müəllif: Məhəmməd ağa Şahtaxtlı
Mənbə: Cəlal Bəydilli (Məmmədov). Azərbaycan publisistikası antologiyası (az.). Bakı: "Şərq-Qərb". 2007. 39–40. ISBN 978-9952-34-158-4.


Biz müsəlmanlarda tərəqqi fikri yoxdur. Cəmiyyəti, təni (sosial) ibarət olmaq üzrə tərəqqi ondan ibarətdir ki, bir millətin, bir qövmin, bir cəmiyyətin hamı əfradının əhvalı irəlikisindən yaxşılığa, yəni füqəra, zəngin, alim, cahil, uşaq, böyük, dövlət qulluqçusu və ya öz-özünə məşğul olan şəxsi, adamların hamısını hiss edirlər, feli və həqiqi dəlillər ilə və yəqin edələr ki, bu gün dünəndən, zamani-hal zamani-mazidən daha rifah hal ilə yaşayırlar. Bu tərəqqi, xüsusilə dövlətlərin beynəlmiləl münasibətində görünür. Hankı dövlətin əhalisi tərəqqi etdi, yəni xoş güzəranlıqda, rifah halında rövnəq və pişroft oldu, o dövlətin xahişlərinə, mütaliblərinə dövlətlər içində artıq riayət göstərirlər.

Bu ümumi tərəqqi ol zaman hüsula gələ bilir ki, millətin əfradının hamısında təbii o əqidə ola ki, "mənim öz xoş güzəranlığım, içində yaşadığım camaatın xoş güzəranlığına bağlıdır. Özümü və əyalımı və mütəəlliqatımı xoşbəxt görmək istərəmsə, ümumən rifah halı nəyi icab edərsə, ona canü dil ilə çalışmalıyam".

Bu hiss şimdiki vaxtda Avropa millətlərinin hamısının qəlbini doldurub, camaatı işlərdə onların ən qəvi mühərrir ki, Avropa cəmiyyətlərinin həqiqətən ruhudur.

Bəli, avropalılar ki, ağıl və idrak və məsai sayəsində dünyanın hamısına sərxeyl (başçı) olmuşlar. Rəvaclarının əsas ruhu həmin bu əqidədir ki, insan öz xoşbəxtliyini mütəəlliq olduğu qövmin xoşbəxtliyindən aramalıdır.

Avropa qövmlərinin əfradı ümumən xoşbəxtliyinə çalışa-çalışa özünü və özləri ilə bərabər tamam millətlərini xoşbəxt edib, tərəqqini vücuda gətirmişlər. Tərəqqidən xoşlanıb, bundan belə bu tərəqqi üçün daima çalışmağı özlərinə daimi məşğuliyyət və həm sevdikləri və təğdis etdikləri məşğuliyyət etmişlər.

İspaniyada olan Əndəlüs müsəlmanlarının şimdiki avropalılarda olan tərəqqiyə bənzər bir halətləri olduğunu tarix göstərir. Amma ondan başqa özgə müsəlman məmləkətlərində bir camaatın əfradı camaatlarının xoş güzəranlığını özlərinə məqsud edib, özlərinin güzəranını irəlikisindən uca bir mərtəbəyə qaldırıb, sosial və ya cəmiyyəti tərəqqi hüsula gətirdikləri görünməyir.

Səbəbi odur ki, biz müsəlmanlar paxıl, həsəd, bədxah, bədbin bir millət olduğumuzdan öz xoşbəxtliyimizi həmcinsimizin rifah və səadətində yox, bəlkə onu çürütməkdə, müzməhil etməkdə ararız. Bizdə hübbi-vətən yerinə büğzi-vətən, millət dostluq əvəzinə öz millətimizə düşmənçilik var.

Bu hissiyat bizdə olduğu halda biz öz camaatımızı nə növ ilə rifah hala yetirə biləriz ki, cəmiyyət tərəqqisi vücuda gəlsin?

Tərəqqini nə görmüşüz, nə tanıyırız və nə fərzi-mahal görsək razı və xoşnud oluruz. Tərəqqi həm millətə məhəbbətdən çıxar. Biz həmmillətimizi sevməyiriz ki, tərəqqi vücuda gətirə bilək.

“Şərqi-rus”, 13 iyun 1904, № 72