Məzmuna keç

Hər hübabi-əşkimə bir əks salmış peykərim

Vikimənbə saytından
Hər hübabi-əşkimə bir əks salmış peykərim
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.219.

Hər hübabi-əşkimə bir əks salmış peykərim,
Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.

Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş,
Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim.

Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın,
Gülxənəm, əksik degil xakistərimdə əxgərim.

Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər,
Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.

Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin,
Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim.

Nola hər saət od üstündə durarsam dud tək,
Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.

Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim,
Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.