Məzmuna keç

Hər kim edərsə vərdiş eşqü səfayi-yarə

Vikimənbə saytından
Hər kim edərsə vərdiş eşqü səfayi-yarə
Müəllif: Abbasqulu ağa Bakıxanov


Hər kim edərsə vərdiş eşqü səfayi-yarə,
Əvvəlcə ixtiyarı atsın gərək kənarə.

Bizdən ərzü təmənna, rəddü qəbul yardan,
Bu işlərin nə xeyri var imiş intizarə?!

Ənbər saçan o zülfün aşütfə olmasından,
Verdin bir asudəlik bu qəlbi-biqərarə.

Bu eşqin aləmində vardır behişt-cəhənnəm,
Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə.

Bağban icazə versə bağə girim, nə fayda,
Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?!

Bülbülləri salardım qəfəslərə bir anda,
Dağıdıb son qoyardım xəzanə, novbaharə.

Qüdsi, bu xoş çəməndə bir laləüz həvası,
Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zarə.