Hər kimin baxsa əgər arizi-cananə gözü

Vikimənbə saytından
Hər kimin baxsa əgər arizi-cananə gözü
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 102

Hər kimin baxsa əgər arizi-cananə gözü,
Elə bilsin ki, baxıb rövzeyi-rizvanə gözü.

Həzz alır tökmək ilə qanını məzlumilərin,
Gözü qan tutmuşun öyrəncəlidir qanə gözü.

Murdən əxz eləyən kimsə qənaət dərsin,
Göz açar Həqqə, yumar mülki-Süleymanə gözü.

Nə əcəb zövq ilə rəssami-təbiət çəkmiş,
Bu əlif qaməti, xəncər qaşı, məstanə gözü.

Ey Vüqar, razıyam eşq içrə keçəm canımdan,
Təki cananə tərəf baxmaya biganə gözü.