Məzmuna keç

Hər sözü dillərdə bal olan şair

Vikimənbə saytından
Hər sözü dillərdə bal olan şair (2023)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Araz Yaquboğlu. "Hər sözü dillərdə bal olan şair" (az.). yeniyaz.az. 19.07.2023. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.

Göyçə ədəbi mühitindən söz düşəndə beş-on aşıq-şair var ki, onların adı hər yazıda, hər çıxışda mütləq qeyd olunur. Onlardan biri də dövrünün görkəmli söz sənətkarı Həsən Xəyallıdır ki, Miskin Abdaldan, Ağ Aşıqdan, Şair Məmmədhüseyndən, Aşıq Alıdan, Dədə Ələsgərdən gələn poeziya ənənəsini uğurla davam etdirmişdir. Onun haqqında bir çox sənət adamlarından, ağsaqqallardan, qohumlardan maraqlı xatirələr eşitmişəm. O xatirələr məndə Həsən Xəyallı haqqında geniş təəssürat yaradıb. Onun dini biliyi, hazırcavablığı, klassik ədəbiyyatı dərindən mənimsəməsi, folklor nümunələrini toplaması, xalq dastanlarının mükəmməl variantlarını yazıya alması imkan verir deyək ki, Həsən Xəyallı təkcə şair olmayıb, həm də dini ayinləri şəriət qanunları ilə yerinə yetirən gözəl din xadimi, xalqın mənəvi dəyərlərini toplayıb təbliğ edən sinədəfdər, sözü məqamında deyən bilən ilhamlı bir şair, söz xiridarı olub.
Həsən Xəyallının adını ilk dəfə kiçik yaşlarımda qağamdan eşitmişdim: “Həsən əmim harasa, kiminsə evinə gedəndə əli boş getməzdi. Kasıbçılıq illəri olmasına baxmayaraq, ən azı 1-2 kq konfet, ya da qənd alıb aparardı”. Sonralar, Şiruyə əmimlə, Əmirxan əmimlə, İman əmimlə qağam Həsən əmisindən çox söhbətlər edər, onun haqqında olan maraqlı əhvalatları çözələyib, ibrətamiz söz-söhbətlərini xatırlayar, eldə-obada necə hörmət-izzət sahibi olmasından danışardılar. Mən də bu söhbətlərə qulaq kəsilərdim. Bir dəfə qağamın dayısı oğlu Hacı Frunze dedi: “Həsən kişiyə məclislərdə çox sual verərdilər. Bir dəfə də görmədim deyə ki, o sualın cavabı haqda məlumatım yoxdu. Həsən kişi qeyri-adi adamıydı. Daşkəndə nə qədər aşıq, şair, alim gəlsə camaat birinci Həsən kişini çağırardı”. Belə bir əhvalat da danışdı: “Təxminən 1959-1960-cı illər olardı. Aşıq İmranla Aşıq Mahmud Daşkəndə gəlmişdi. Dükanın qabağında camaatla söhbət edirdilər. Ağsaqqallar xəbər göndərdi ki, Həsən kişiyə deyin gəlsin, kəndə aşıq gəlib. Ara çox çəkmədi ki, gördük Həsən kişi göy atın belində budu gəldi. Atdan düşüb daşın üstündə oturub adəti üzrə siqaretə dəm verdi. Aşıq İmranın da cavan vaxtlarıydı. Yerə-göyə meydan oxuyurdu. Hiss olunurdu ki, Aşıq İmranın çılğınlığı Həsən kişinin xoşuna gəlməyib. Kənd camaatının da diqqəti Həsən kişiyə yönəlmişdi ki, görək Həsən kişi bu aşığın çılğınlığına nə deyəcək. Aşıq İmran da hiss etmişdi ki, hamının diqqəti bu susqun ağsaqqaldadı. Aşıq İmran üzünü Həsən kişiyə tutub, dedi: A kişi, bir səndə danış, görək nəyin var, nəyin yox. Həsən kişi bir bənd şeir deyib, aşıqlardan davam etməyi tələb etdi. Cavab almadıqda bir şeir də deyib, məclisi tərk etdi. Aşıqlar çətin vəziyyətə düşüb, susdular”.
Göyçədə beş ay sərt qış keçərdi və belə vaxtlarda insanların əsas əyləncəsi aşıqları dinləmək, uzun qış gecələrində dastanlara qulaq asmaq olardı. Uzun qış gecələrində Həsən Xəyallı “Abbas və Gülgəz”, “Qurbani” və başqa dastanların Göyçə variantını gözəl bir təhkiyə ilə üç günə danışıb, bitirərmiş.


Həsən Xəyallı (Hacıyev Həsən Məhərrəm oğlu) 1902-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur [1, s.31, 239, 349]. Burada doğum tarixi ilə bağlı bir neçə məqama toxunmaq və aydınlıq gətirmək istərdim. Belə ki, bəzi mənbələrdə Həsən Xəyallının doğum tarixi 1885-ci il [2, s.189; 3, s.37; 4, s.117; 5, s.147; 6, s.171; 7, s.222], 1900-cü il [8, s.11] və 1903-cü il [9, s.3; 10, s.16; 11, s.35; 12, s.168] göstərilib. Bu tarixlərdən doğru olanı son bir neçə il öncə Böyük Vətən müharibəsinə aid sənədlərin toplandığı obd-memorial.ru saytından əldə etdiyimiz 1902-ci il tarixi daha dəqiqdir. Bu bir rəsmi sənəd, həm də məntiqə uyğun olduğundan doğru tarixdir. Belə ki, şairin anası, “Azərbaycanın aşıq və şair qadınları” kitabında bir neçə şeiri çap olunmuş Başxanım Şəfi qızı təxminən 1880-ci ildə doğulub. Əvvala, övladın anadan 5 yaş fərqi olması heç bir məntiqə sığmır. Əgər Başxanımın 18-20 yaşında ailə qurmasını və böyük övladının da Həsən Xəyallı olduğunu nəzərə alsaq, XX əsrin ilk illəri daha doğru tarix olur. Deməli, 1902-ci il daha doğru tarixdir. 1900-cü və 1903-cü il tarixləri isə şairin oğlu Sərraf Şiruyənin təxmin etdiyi və nisbətən həqiqi doğum tarixinə yaxın olan rəqəmlərdir. Təəssüfləndirici hal odur ki, son illərdə nəşr olunan bəzi toplularda da Həsən Xəyallının doğum tarixi 1885-ci il getmişdir [7, s.222].
Həsən Xəyallı 1930-cu illərdə Daşkənd kənd sovetliyinin katibi seçilmişdir. 1942-ci ilin iyun ayında Böyük Vətən müharibəsinə getmiş, Krım cəbhəsində döyüşmüşdür. Müharibədən 1945-ci ilin oktyabr ayında qayıtmışdır.
1953-cü ildə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı doğulduğu ata-baba yurdu olan Göyçə mahalından Bərdə rayonuna deportasiya olunmuş, 1954-cü ildə vətən həsrətinə dözməyərək geriyə, Daşkənd kəndinə qayıtmışdır.
Qüdrətli söz sənətkarı, ustad şair 10 aprel 1966-cı ildə, ömrünün 64-cü baharında əbədiyyətə qovuşmuş, doğulduğu Daşkənd kəndində dəfn edilmişdir.


Həsən Xəyallı kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfi qızından dini təhsil almış, eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Hacı Rəhim tanınmış el qəhrəmanı olmuş, 1918-ci ildə Zod kəndində erməni generalı Selikovun öldürülməsində iştirak etmiş, xəncərlə onun başını kəsmişdir.
Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirən sənətkarlardan olmuş, müxtəlif sənət adamları – Bəhmən Göyçəli, Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa və başqaları ilə dostluq etmiş, deyişib dərdləşmişdir.
Əsrin əvvəllərində Nərimanlı kəndindəki mədrəsədə görkəmli söz ustadları Novrəs İmanla, Bəhmən Qarayevlə birlikdə Göyçənin o zamankı böyük din xadimlərindən (o cümlədən Hacı Rəhimdən) dərs almışdılar.
Ədəbiyyatşünas alim Əkbər İrəvanlının təşəbbüsü ilə Həsən Xəyallının şeirləri ötən əsrin 50-ci illərindən mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır. Yaşadığı Ermənistanda dərc olunan qəzet nümunələri əlimizdə olmadığından, ilk şeirlərinin nəşri kimi “Azərbaycan” jurnalının 1980-ci il, 3-cü nömrəsində çap olunan 5 qoşmasını göstərmək olar [13, s.190-191]. Bundan sonra Zəlimxan Yaqubun tərtib etdiyi topluda 3 qoşma [14, s.243-244], “Bu ocağın odu sönməz” kitabında 5 gəraylı, 13 qoşma, 6 təcnis [8, s.11-31], “Sazlı-sözlü Göyçə” kitabında 3 gəraylı, 5 qoşma, 3 təcnis [5, s.147-153], “Bir kökün budaqları” kitabında 1 gəraylı, 6 qoşma, 4 təcnis, 1 divani, 1 deyişmə [10, s.17-28], “Dаşkənd aşıqlаrı və şаirləri” kitabında 2 gəraylı, 8 qoşma, 2 təcnis [11, s.36-42], “Ədəbi İrəvan – 2009” almanaxında 1 qoşma, 2 təcnis [15, s.96-97], Azərbaycan Aşıqlar Birliyinin “Ustad nəfəsli saz-söz ərməğanı” kitabında 3 qoşma [7, s.222-224] və s. olmaqla əsərləri müxtəlif illərdə nəşr olunmuşdur.
Həsən Xəyallının 2006-cı ildə şair Sərraf Şiruyənin tərtibçiliyi ilə “Axtar məni” adlı şeirlər kitabı “Nurlan” nəşriyyatında çap olunmuşdur. Kitabda şairin müxtəlif janrlarda olmaqla 166 şeiri nəşr edilmişdir.
Şair Həsən Xəyallının yaradıcılığı haqqında zaman-zaman müxtəlif elm adamları, şair və yazıçılar, tədqiqatçılar fikir bildirmişlər. Tanınmış şair Dilsuz H.Xəyallı haqqında yazır: “Çağının söz sərrafı, oxumuş adamı kimi tanınan Həsən Xəyallı Dədə Ələsgərdən üzümüzə çarpan bir havadır” [2, s.189]. Göyçə aşıq məktəbinin tədqiqatçılarından olan Tərlan Göyçəli şairin yaradıcılığı haqqında haqlı olaraq yazır: “Xəyallı yaradıcılığı təcnislərdən, dini şeirlərdən ibarət olsa da şeirlərinin ana xəttini ustadnamələr, nəsihətnamələr təşkil edir. ...H.Xəyallı nədən yazırsa-yazsın, nə mövzuya toxunursa toxunsun, misraların kökündə bir oynaqlıq, axıcılıq, dərin məna var” [4, s.118]. Şairin şeirləri məna-məzmun baxımından zəngin, ibrətamiz olduğundan dillərdə əzbər olmuş, şeir həvəskarları və aşıqlar həmin poeziya nümunələrini ifa etmişlər.
Həsən Xəyallının özünəməxsus müşahidə qabiliyyəti, qaynar ilhamı, dilimizin folklor qatını poeziyada ustalıqla əks etdirməsi, şeirlərindəki bədii siqləti daha da zənginləşdirmişdir.

Sözüm təsir etməz ağıldan kütə,
Varlısan, lağ etmə kasıba, lütə!
Mərifət ot deyil hər yerdə bitə,
Yetən taya vura, kol arasında [16, s.57].

Təkcə bənzərsiz bu ustadnaməsinə görə Həsən Xəyallı şair kimi həmişə öyülməyə layiq qüdrətli söz sənətkarıdır. Onun çoxşaxəli yaradıcılığındakı gəraylılarda da bitkin fikir, obrazlı deyim, hikmətli söz üstünlük təşkil edir.

Satanı var, alanı var,
Bu dünya bazardı, bala.
Varlılara cənnət, behişt,
Yoxsula azardı, bala [16, s.16].

Şairin gəraylılarından danışarkən tənqidçi-ədəbiyyatşünas, professor Qara Namazov onun “Axtar məni” adlı kitabına yazdığı ön sözdə deyir: “Qeyd edim ki, oynaq vəznli yumşaq ahəngli gəraylıda dərin siqlətli, ağır yüklü fikir dərinliyinə enmək hər məqamda mümkün deyil. Ancaq Xəyallının gəraylılarının hər beyti siqləti, düşündürücüdür:

Dərd yaxamdan əl götürmür,
Nə zülümlü bəndəyəm mən.
Müşgülümə çarə yoxdur,
Sehirli düyündəyəm mən” [9, s.4-5].

Həsən Xəyallının həyat həqiqətlərini əks etdirən məhşur “Gedər” rədifli qoşmasına baxaq:

Qəvvas olan dərinləri axtarar,
Naşılar həmişə dayaza gedər.
Bayquşun məskəni xarabalıqdı,
Bülbül gül eşqiylə avaza gedər.

Nadanlar sözündən inciməmişəm.
Namərd süfrəsindən nan yeməmişəm.
Atalar sözüdü, mən deməmişəm:
“Təkə təklənəndə güdaza gedər”.

Ay Həsən Xəyallı, ömür nəzilər,
Əcəl çatar, əlin eldən üzülər.
Aşiqin görəndə gözlər süzülər,
Gah işvəyə gedər, gah naza gedər [16, s.60].

Maşallah Xudubəyli şairin yuxarıdakı şeiri haqqında dəyərli fikir söyləmişdir: “Bülbülün gülün eşqiylə şövqlənməsini qafiyələrdə oxşayan el şairlərimiz çox olub. Amma Həsən Xəyallı “Bülbül gül eşqiylə avaza gedər” deyəndə bircə özünə bənzəyibmiş. Və ya ulu babalarımızın bitib-tükənməyən söz xəzinəsini arayıb-axtaranda, onun dərin mənasına varanda üstündən yan keçməyib, bütün mənalılığı və gözəlliyiynən, həm də səmimi etirafıynan şirin dilli qoşmasının gözünə qatıb, “Atalar sözüdü, mən deməmişəm, Təkə təklənəndə güdaza gedər” – deyə onu daha da şirinləşdirib” [17, s.134].
“H.Xəyallı aqil sənətkardı. Güclü zəkanın, dərin təfəkkürün, poetik misraların gücü ilə bir hikmət dünyası yaradır.

Könül, bu dünyada beş gün ömrün var,
Qovğadan başını salamat eylə.
İstəsən ki, başın ola salamat,
Həmişə dilini farağat eylə” [4, s.119].

Həsən Xəyallı yaradıcılığındakı deyişmə-dərdləşmələrində də sözün poetik yükü, hazırcavablığı şairin güclü bir zəka və ilham sahibi olması haqqında oxucuda geniş təəssürat yaradır. Zodlu Abdulla ilə olan deyişməsindən bir nümunədə oxuyuruq:

Zodlu Abdulla
Arif məclisində, qanan yanında,
Hər sözü dillərə yayılan mənəm.
Eşqin atəşidi yanan canımda,
Qəza qamçısıyla döyülən mənəm.

Həsən Xəyallı
Ənbiyalər, övlüyalər şənində,
Zülaldan söhbəti sayılan mənəm.
Arif məclisində, alim yanında,
Bal kimi kəlməsi yeyilən mənəm [16, s.142].

Həsən Xəyallı özündən sonra zəngin ədəbi irs qoymaqla bərabər, yaradıcılığı ilə ədəbiyyatımızda, xüsusən Göyçə ədəbi mühitində yeni bir şairlər ordusunun təşəkkül tapmasına vəsilə olmuşdur. Türk dünyasında şeirləri dillər əzbəri olan Sərraf Şiruyənin, ilhamı qüdrətdən bəs deyincə verilmiş, nakam taleli Aqil İmanın, tanınmış el şairi, ağsaqqalı Molla Əmirxanın, şair-publisist Eldar Həsənlinin, saz-söz xiridarları, el-oba arasında böyük nüfuz sahibləri olmuş, şair fitrətli Qəmgin Fəzinin, Xasay Hacıyevin imzasının formalaşmasında Həsən Xəyallı yaradıcılığının izini görməmək mümkün deyil.
Bu yazını rəhmətlik folklorşünas Maşallah Xudubəylinin sözləri ilə bitirmək istərdim: “Sağlığında sözü üzə söyləməyi sevən sənətkar, özündən sonra da, qiymətli kəlamlarıynan beləcə gərək olur gələcək nəsillərinə. El-obasında mərdlik mücəssiməsi olduğu kimi, şeirlərində də, səmimiyyətlə bu amala qulluq edir” [17, s.134].

Ədəbiyyat:
1.Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə. Bakı: Elm və təhsil, 2023
2.Dilsuz. Göyçə deyincə... // “Azərbaycan” jurnalı, 1980, №3
3.Məhərrəmov, Ziyəddin. XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər). Bakı: Azərbaycan Ensiklopediyası NPB, 1997
4.Göyçəli, Tərlan. Göyçə aşıq məktəbi. Bakı: Göytürk, 1998
5.Sazlı-sözlü Göyçə. (toplayıb tərtib edəni və ön sözün müəllifi: İslam Ələsgər). Bakı: Azərnəşr, 1999
6.Namazov, Qara. Aşıqlar (I kitab). Bakı: Səda, 2004
7.“Ustad nəfəsli saz-söz ərməğanı”. Azərbaycan Aşıqlar Birliyi. Bakı: Zərdabi Nəşr MMC, 2020
8.Bu ocağın odu sönməz. (toplayanı, tərtib edəni və redaktoru: Şiruyə Həsənoğlu). Gəncə: “Gəncə” nəşriyyatı, 1998
9.Namazov, Qara. Qüdrətli söz ustadı // Həsən Xəyallı. Axtar məni. Bakı: Nurlan, 2006
10.Yaquboğlu, Araz. Bir kökün budaqları. Bakı: Nurlan, 2006
11.Yaquboğlu, Araz. Dаşkənd aşıqlаrı və şаirləri, Bаkı: Nurlan, 2008
12. Məhərrəmov, Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik (1800–1920-ci illərdə ədəbi-mədəni mühit). Bakı: Nurlan, 2010
13.“Azərbaycan” jurnalı, 1980, №3
14.Aşıq Pəri məclisi. Aşıqlar. El şairləri. (tərtib edəni: Zəlimxan Yaqub). Bakı: Yazıçı, 1991
15.Ədəbi İrəvan – 2009 (Almanax). (toplayanı, tərtib edəni və redaktoru: Əli Vəkil). Bakı: Nurlan, 2009
16.Xəyallı, Həsən. Axtar məni. Bakı: Nurlan, 2006
17.Xudubəyli, Maşallah. Mənim sazlı-sözlü dünyam. 3 kitabda, II kitab. Bakı: Nurlan, 2010