Hər yer səfalı, nəşəli
Görünüş
Hər yer səfalı, nəşəli Müəllif: Hüseyn Cavid |
Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...
Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Dağlar çiçəklə süslənərək səbzü dilgüşa...
Quşlar ötər, sular aqıb ətrafa gül saçar.
Seyr eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar, uçar əbədi bir səfa duyar.
Cənnət qədər bu mənzərə möcüznüma...fəqət
Həp bisəmər, deyilsə nəsibim visali-yar.
Didari-yar, iştə odur cənnətim bənim;
İnsan olan cihanda nasıl sevgisiz yaşar!?
Həp sevgidir gözəlliyi insanə sevdirən,
Məhrumi-eşq olunca gözəllik də can sıqar.
Dünyada varsa devləti-cavid o, eşqdir;
Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.