Məzmuna keç

Həsənbəy Məlikov

Vikimənbə saytından
Həsənbəy Məlikov (1907)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Bu fani dünyanı, onun əzab və əziyyətlərini həmişəlik tərk edib aramızdan getmiş Həsənbəy Məlikov müsəlmanlar arasındakı məşhur ictimai xadimlərdən biri idi.

Biz Həsənbəylə 1906-cı ilin avqustunda Bakıda müsəlman müəllimlərinin qurultayında tanış olmuşduq. Həsənbəy həmin qurultaya sədr seçilmişdi. Yaşının çox olduğuna baxmayaraq pedağoji xarakter daşıyan hər hansı bir məsələnin həllində o canlı zəkaya, xeyli təcrübə və biliyə malik olduğunu büruzə verirdi və müsəlmanlar arasındakı ikisinifli ibtidai məktəblərin nəzdində kənd təsərrüfatının müxtəlif sahələri üzrə şöbələr açılması üçün təhsil üzrə ölkənin ali rəisliyi qarşısında vəsatətdə bulunmaq fikrini də ilk dəfə o ortalığa atmışdır. Böyük həyati təcrübəyə və fitri zəkayə malik olan Həsənbəy hər şeydən daha çox bizim məktəblərin təbii ehtiyaclarına və tələblərinə diqqət yetirirdi: o, boş və gurultulu ibarələri sevmirdi və həyatla az tanış olan bəzi gənc pedaqoqların söylədiyi nitqlər, görünür, onu dilxor edib əhvalını pozurdu; bütün bunlarla birlikdə, onda böyük səbr var idi və başqalarının mülahizəsinə lazımi bir hörmətlə yanaşırdı.

Həsənbəyin əsas xidmətlərindən biri bundan ibarətdir ki, o öz həmməzhəblərinin oyanmasına ilk təkan vermişdir. Biz hələ keçən ilin dekabrında "Zaqafqazye"də Həsənbəyin "Əkinçi" qəzeti haqqında rəy vermişik. "Əkinçi"nin məqsədi müsəlmanların mədəniyyətsiz kütlələri arasında faydalı kənd təsərrüfatı biliklərini yaymaq idi.

Qəzet bu məqsədi izləyərək, öz səhifələrində kənd təsərrüfatının müxtəlif sahələrinə dair sadə xalq dilində xeyli müxtəlif məlumat verir, torpağı gübrələməyin ən yeni qaydalarını göstərir, bu və ya digər təkmilləşdirilmiş kənd təsərrüfat alətlərinin tətbiqi haqqında yazırdı.

Bundan əlavə, qəzet öz oxucularına təbabətə, hifz-səhhəyə, fiziologiyaya və sairəyə dair bir çox faydalı məsləhətlər verirdi. "Əkinçi" qəzetində "Müsəlmanların geri qalmasının səbəbləri", "İslam tərəqqiyə mane olurmu?" və bu kimi vacib məsələlərə toxunan çox ciddi məqalələr də dərc olunurdu.

Bu və başqa məsələlərə dair "Əkinçi" qəzetinin əsas əməkdaşları — Əhsənül Qəvaid, Heydəri, sabiq şeyxülislam Hüseynzadə, Əsgərağa Gorani, Nəcəfbəy Vəzirov tərəfindən yazılmış faydalı məqalələr indi də öz əhəmiyyətini itirməmişdir.

Lakin, təəssüf ki, bu qabaqcıl adamların bilik və elm ziyasını müsəlmanların cahil kütlələri arasında yaymaq cidd-cəhdləri və onları daha yaxşı və şüurlu bir həyata çağırışları təsəlliverici bir nəticəyə gətirib çıxarmadı və müsəlmanlar əvvəlki kimi yenə də elm və maarif məsələlərinə laqeyd qaldılar. Hələ bu azdır, onların bəziləri Həsənbəydən xahiş etmişdir ki, onları rahat buraxsın və elm haqqında bu "səmərəsiz" hədyanlarla onları əziyyətə salmasın.

"Əkinçi"nin 1876-cı il 7-ci nömrəsində Həsənbəyin dostlarından bir nəfər "S" imzası ilə yazdığı məktubunda ondan soruşur ki, bu "elmi-əbdan"[1] haqqında yazmaqdan nə vaxt əl çəkәcəkdir.

[1] "Elmi-əbdan" ifadəsi altında şəriət dərslərindən başqa bütün elmlər nəzərdə tutulur.

Öz şübhəsini ifadə edərək bildirir ki, Həsənbəy bu "elmi-əbdan" məsələsi ilə işi o yerə gətirib çıxaracaqdır ki, qəzeti bağlanacaqdır. Həsənbəy öz dostu "S"ә cavab verib deyir ki, peyğəmbərin dünyəvi elmlərin həyat üçün əhəmiyyəti və zəruriyyəti haqqındakı sözlərini müsəlmanlar çoxdan unudublar və o, həmin sözlərin əhəmiyyət və mənasını bərpa etməyi özü üçün müqəddəs vəzifə sayır. Buna görə də, azərbaycanlıların yeganə qəzeti olmaq etibarilə "Əkinçi" dərvişlik edib, öz oxucularına "1001 gecə" nağılları danışa bilməz; bu qəzet öz qüvvəsi daxilində cəhalət zülmətindən allahın işıqlı dünyasına çıxmaqda öz həmməzhəblərinə kömək etməyə borcludur.