Həsbi-hal (3) (H.Cavid)
Həsbi-hal (3) (1910) Müəllif: Hüseyn Cavid |
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh. |
Ayşə Sədiqə xanım “Tə’lim və tərbiyə” adlı kitabında diyor ki: “Çocuqlara hər kim
olsa dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən eyi validə verir. Çocuğun birinci
mürəbbiyəsi validədir. Validəsi olmayanlara yenə bir qadın mə’mur edilir. Çünki
zəmanisəbavətdə çocuqlara xidmət edə biləcək qadınlardır. Demək oluyor ki, bir qövmün
səadəti və tərbiyəsində qadınların böyük tə’siri vardır. Bunun için hər şeydən ziyadə
qadınların tərbiyəsinə e’tina edilməlidir. Tərbiyəli validələr yetişdirməyə qeyrət
edilməlidir”. Qadınların cəmiyyəti-bəşəriyyədəki qiymət və əhəmiyyətləri yalnız bir
cümleyi-həkimanə ilə gözəlcə isbat edilə bilir ki, o da şudur: “Cənnət anaların ayaqları
altındadır” – buyurulmuşdur.
Qafqasiya türklərindən şu kəlami-müqəddəsi bir qaç kərə eşidib duymamış bir nəfər
təsəvvür olunmaz zənn edərim. Müsəlmanlıq bir avropalının dediyi kimi quru bir lafdan
ibarət isə... Hiç! O əmriqüdsiyyəyə itaət isə... Hanya! O nerədə? Japoniyalılar islamiyyəti
qəbul etmək fikrində imiş! Diyorlar islamiyyətin erkək-qadın haqqındakı təhsili-elm,
hörməti-mütəqabilə, müsavat kibi bir çoq şeyləri o kitabdan, bu kitabdan oquyub
duysalar, ehtimal ki, təbdili-məzhəbə həvəslənərlər, lakin bir qaç müdəqqiq, müfəttiş
göndərib də göz-gözə tədqiq etsələr, müsəlmanların əf’al və hərəkatına göz qoysalar şaşıb
qalmazlarmı?
Əcəba?! Qızlar, oğlanlara nisbətən maddiyyatda ikidə bir həqqivərasətə malikdirlər.
Rəsuli-əkrəm[1] tə’lim və tərbiyədə hiç fərq qoymadığı halda təhsili-elmi kişiyə, övrətə müsavi bir surətdə fərz buyurduğu təqdirdə,
nasıl olur da ki, böylə bir əmri-müqəddəsi hiç məsabəsində tuturuz. Əcəba, səkiz-doquz
yaşında bir qız yalnız ibtidai, yaxud rüşdi təhsil görürsə, şəriətə müxalifmi zənn olunur?
Bir çoq mübarək ağızlar, qadınların tərbiyə görür-görməz itaətsiz olacaqlarını
söyləməkdən çəkinmıyorlar, əcəba məktəb, tə’lim və tərbiyə insana itaətsizlikmi öyrətir?
Yaxud insaniyyət, şəfqət, mərhəmət, nəzafət – evlada məhəbbət, böyüklərə itaət nə
olduğunumu tə’lim edər?
Sadədillik xoş bir şey olsa da, bu qadarı, bu dərəcəsi sevilir bir şey deyildir. Bugünkü
gün ehtimal ki, bir taqım səfsətəamiz quruntular ilə, boş xəyallar ilə kəndimizi mütəsəlli
edəlim... Fəqət yarın? Yarın hər işimizdə olduğu kibi, qız tərbiyəsi haqqında da başımıza,
gözümüzə vuracayız, kor-peşiman olacayız, lakin nəticə bir yana çıqmayacaq. On yıl
əvvəl oğullarını məktəbə verməyən, tərbiyəyi sapqınlıq ədd edənlər şimdi nerdə? Hər
tərəfə baqarsın eyi, fəna, istər-istəməz hər kəsdə evladını tərbiyə etmək məraqı
qabarmaqda, coşmaqda!.. Hər şəhərdə, hər qəsəbədə oğlanlara məxsus iki-üç ibtidai
məktəb açılmaqdadır. Lakin üç-dört illik yarım-yanlış məktəblər səkiz-doquz sənəlik ev
tərbiyəsini təbdil və islah edə biləcəkmi zənn olunur? Heyhat!..
Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qadar xurafat
uçurumlarında yuvarlanır gedər. Bir otaqdan digər otağa girəcək olsa “damdabaca”lar ilə
qorqutulur. Başı açıq dışarı çıqacaq olsa göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq
bir yerə getsə cinlər, divlər ilə təhdid edilir. Hasili ənvai-mevhumat ilə zavallının
mə’nəviyyatı alt-üst olur. Otuz yaşına gəlsə belə o qorqunc kölgələr bir dürlü başından
çıqamaz olur. Ev tərbiyəsinin doğurduğu ən gözəl tərbiyə, ən xoş əxlaq, yalançılıq,
kindarlıq, bədnəfslik, arsızlıq, itaətsizlik, qorqaqlıq kibi bir taqım rəzil, murdar
əxlaqsızlıqlardan ibarətdir. Binəva çocuq sabahdan aqşama qadar küçədə, bacada,
toztopraq içində yaşar, qoşar, nihayət bir yeri səqətlənir, yaxud ordanburdan dürlü-dürlü
müsri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır
da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş
cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” – diyor.
Şimdi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq,
uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii hiç...
Bir gavur çocuğu ana qucağında hənuz bir yaşında ikən yediyi qaletlərdən əlifbayı
öyrənməyə başlar, ev divarına baqsa hesab cədvəlləri görür, ə’mali-ərbəəyi üç-dört
yaşında gülə-gülə, sevə-sevə öyrənir. Beş-altı yaşına varır-varmaz məktəb həvəsilə əlayaq
vurmağa, çırpınmağa başlar, məktəbə girdiyi zaman əxlaqı, dərsi, zəkası, həvəsi
yerində olub, fəal mütəşəbbis, qəyur bir insan olmağa çalışır, bir azdan sonra qarşınızda
iyirmi yaşında universitetdən mə’zun fazil bir əfəndi bulursunuz, bir çoq heyrətamiz
baqışlar ilə süzdükdən sonra, o bəyənmədiyiniz gavuru alqışlamağa məcbur olursunuz.
Şimdi, o iste’dad, o fevqəladəlik ona nerədən gəldi? Göydən zənbil iləmi endi? Yaxud
Allah-təala o zəka və iste’dadı onlaramı münhəsir etmişdir? Təbii, bunların hiç birisi
deyil! Yalnız qələbə və müvəffəqiyyət çalışanlarındır və çalışmaq yolunu bilən ərlərindir.
Lakin bu nöqtəyi eyicə nəzərdə tutmalı ki, təbiət kimsəyə yüz görməz, kimsənin
əlində baziçə olmaz. Cənabi-Həqq təbiətə öylə bir qüvveyi-qahirə, öylə bir qüdrəti-qalibə
vermiş ki, daima qalib gəlir, məğlub olmaz. Kəndisinə qarşı durmaq istəyənləri pənceyiqəhrində
əzər, örsələr, məhv edər, yaşatmaz. Uzağa getmək lüzumsuz, yalnız on yıl
bundan əvvəlki halımızı düşünsək nə dərəcə dəyişdiyimizi, sevmədiyimiz, ürkdüyümüz
halda, bir çoq nöqteyi-nəzərdən təbiətə nasıl boyun əydiyimizi apaçıq görüb anlarız.
Bu gün azacıq təbiətə qarşı durub evladını tərbiyədən məhrum bıraqanlar, yarınki gün
cigərguşələrinin zillət, fəlakət odunda yanıbqavrulduqlarını ağlaya-ağlaya seyr
edəcəklər... Çocuqlar mə’sumdurlar, onunçin yapdıqları işlərin hiç birindən məs’ul
deyildirlər, onların hal və hərəkətlərindən məs’ul olacaq yalnız ata-analarıdır. Qızını,
oğlunu tərbiyə etməkdə müsaməhə valideyn qanun və əxlaq nəzərində şiddətlə məs’ul
tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə için müzürr bir adam hazırlamış olurlar. Xeyirsiz,
xain, ədəbsiz evlad yetişdirib onları tərbiyə və islaha çalışmayan ata-analar, şübhəsiz ki,
gələcəkdə namuslu, vicdanlı, heysiyyətli insanlara müsəllət olmaq için bir sürü əxlaqsız,
bir yığın sərsəri yetişdirmiş olurlar. Böylə qeydsiz, tərbiyəsiz ata-ananın nə dərəcə məs’ul
olacağı, nə müdhiş cinayət işlədiyi hər kəscə mə’lum, aydın bir həqiqətdir.
Bu il olmasa belə bir qaç il sonra təhsili-ibtidainin istər qız, istər oğlan için məcburi
tutulacağı şübhəsizdir. Lakin bizim istədiyimiz kibi deyil. Ümumrusiya türklərinin
səmimi dostu (?) “Pruşkeviç”lərin istədiyi kibi olacaq, şimdi xanım qızlar milli
məktəblərdə ana dilini oquyub öyrənməsələr, yaxud ata-anaları tərəfindən məhrum
edilsələr, bir-iki il sonra zor ilə, qəhr ilə oqumağa məcbur olacaqlar. Bir də cəbrə, təzyiqə
nə hacət, artıq iyirmi ilə otuz hesab etmək için anaların təsbihlər ilə, qızların barmaqlarilə
komediya çıqarmaları çəkilir bir dərd deyildir. Azacıq da utanıb qızarmalıyız.
Qeydlər
[redaktə]- ↑ Məhəmməd peyğəmbər