Həsrətli qarı
Həsrətli qarı Müəllif: Mikayıl Müşfiq |
Kürdüstan dağları döşündə bir yol,
Bir yol ki, upuzun, bir yol ki, qıvrıq,
Zümrüd ətəklərlə qapalı sağ, sol.
Ayrıcında yolun bir qarı durmuş,
Alnı düşüncəli, qolları sarqıq,
Yetim baxışlarla boynunu burmuş.
Baxır nəvazişlə ulu dağlara,
Özündən ixtiyar, mutlu dağlara,
Çulğamış üzünü sirrli bir hüzn.
Varlıq xəbərsizdir onun halından,
Günəşsə ağ saçlı bürclər dalından,
Əl atıb, üzünü açır gündüzün.
Bilinməz qəlbinin daşıdıqları,
Yol çəkən gözlərlə bu məhzun qarı
Doğrudan görəsən kimləri gözlər?
Ey yolçu, ey çoban, ey havalı quş!
Sizi bəkləməkdən artıq yorulmuş
O qaynayan, axan diqqətli gözlər.
İştə bir araba gəlir uzaqdan
Müsəlsəl, qarışıq gurultulərlə.
Bir tunc əksi-səda qarşıkı dağdan
Söyləyir: «Qarını, durma, xəbərlə!»
Yerində diksinib ixtiyar qadın
Titrəyir, əsərək yarpaq vücudu.
Almaqçın üstünü bir köhnə yadın,
Bir fayton qarının önündə durdu.
Faytonda oturmuş yorğun nəfərlər
Bizim kənd və qəza işçiləridi.
Söydilər: - Ana! Nəvar, nə xəbər?
Qadın yolçulara ruhunu gərdi.
Qovmaq istər kimi tutqun fikrini,
Bir kirpik çalaraq, başını silkdi.
Yolçular süzüncə biri-birini,
Qadın gözlərini onlara dikdi…
Könül dəftərini vərəqləyincə
Saçıldı boşluğa xalis incilər.
Başından keçəni incədən-incə
Açdı yolçulara, dedi müxtəsər:
- Ay bala! On iki il bundan qabaq bir
İmansız ayrılıq mana qurdu dam.
Fələk dedikləri daş ürəkli pir
Parlaq gündüzümü eylədi axşam.
O zaman bir oğlum ayrıldı məndən,
Oxumaq istəyib getdi Tiflisə,
Sanki ruhum uzaq düşdü bədəndən,
Qapıldı varlığım bir acı hissə.
Dedim: - Getmə, bala, hənuz uşaqsın,
Dünyanın işini bilən tapılmaz;
İstərmisən göylər başımda çaqsın?
İnsan olan bəndə hissə qapılmaz.
Beş sənə oxudun, kifayət edər,
Umudum sənədir, vaz keç səfərdən.
Mənə kim baxacaq? Olma dərbədər.
Nə qədər yalvarıb-yaxardımsa mən.
Zərrəcə sözlərim etmədi təsir
Oğlumun döyünən ürəkciyinə.
- Doğrudan analıq bir şey deyildir, -
Cavan xatırına dəyməyib yenə.
Titrəyə-titrəyə söylədim: - Oğul!…
Get, artıq, səfərin uğurlu olsun!
Tanrı niyazını eyləsin qəbul,
Yolun al yanaqlı güllərlə dolsun!
Mən onu canımdan artıq sevərdim,
Bir an düşərdisə gözümdən iraq.
Artardı həsrətim, artardı dərdim,
Hər zərrədən onu edərdim soraq.
Can bağımda qüdsi bir ağacəkdim,
Nədənsə dadmadım bir şey barından.
Mən onu gözləmiş, gözləyəcəkdim
Yayın istisindən, qışın qarından.
Buraxdı Tiflisi, sonra, deyirlər,
Bir başqa dəryada yelkən açdı o.
Bir yavru quş kimi düşdü dərbədər,
Bilməm baş götürüb hara qaçdı o?
Bu ucsuz-bucaqsız ellərə sordum.
Sordum dənizlərə, coşdu dalğalar.
Salxım-salxıməsən yellərə sordum,
Gəzdirdim dərdimi diyarbədiyar.
İçimdə qüssədən bir xəzinə var,
Könlüm bir adadır qəm dəryasında.
Açmasam dərdimi, kim bilir nə var
Ömrümün qaranlıq macərasında?
Könlüm dayanmadı,falçıya getdim,
Çəkdi dırnağıma qərib bir şəkil;
O şəkli bir qədər tamaşa etdim,
Qarşımda bir xəyal olundu hasil.
Əvət, dırnağımda gördüm oğlumu,
Həp eyni paltarda, eyni biçimdə.
Dərkən falçı mana: - Övladın bumu?
Bir ilan qıvrıldı sanki içimdə.
- Şahsuvar,Şahsuvar! - deyib ağladım,
İçimdə sızladı bir yanıq kaman.
Darğın sular kimi coşub çağladım,
Gözümdən od çıxdı, başımdan duman.
Şahsuvardan bir az kiçik oğlumu
Əsgəran davası aldı əlimdən.
O gündən ixtiyar, xəstə könlümü
Dünyaya xoş baxan görməmişəm mən.
Sonra dava düşdü, çevrildi dünya;
Bunu məndən gözəl bilirsiniz.
Dəyişdi kökündən dağ, dəniz, qaya,
Dəyişdi hər qədəm, dəyişdi hər iz.
Biz qonşumuz olan ermənilərlə
Yaşardıq bir yerdə can-ciyər kibi.
Kim tapdı davaya bilməm vəsilə,
Bilməm «böyüklərin» nəydi mətləbi?!
Dağıldı ölkələr, talandı ellər,
Sonalar oylağı rımar oldu.
Qəm tərənnüm etdi sevdalı dillər,
Ellərin şənliyi xakisar oldu.
Bizim halımıza tutuldu göylər,
Buludlar belini büküb ağladı.
Qəlbimi yatağan duyğular kəsər
Zəhnimdə gəzdikcə keçmişin yadı.
Hər duman bir ahdı, hər səs hıçqırıq
O zaman ruhumuz gəlirkən dilə.
İndi yeddi sənə oldu ki, artıq
Qəlbimiz döyünür öz qaydasilə.
İndi, ey bu yoldan ötən yolçular!
Axı, burda mənim kimim, nəyim var?
İndi mən bu halda neyləyim, ey dost?
Qoy sizə dərdimi söyləyim, ey dost!
Derlər, Şahsuvarım gəlmiş yaxında,
Xoş günə çıxarmış onu ayrılıq.
Hər kəs öz keyfində, öz damağında,
Yerimdən oynadır məni ayrılıq.
Derlər,Şahsuvarım bir böyük kimi
İşləyir Bakının mədənlərində.
Mənsə hicranını ağır yük kimi
Çəkirəm ömrümün «rəhgüzərində».
Hər gələndən onu soraqlayırkən
İxtiyar canımdan bezgin çağımda.
Keçən günlərimi varaqlayırkən
Gülməyim də gəlir, ağlamağım da.
İndi bu göydəki buludlar kimi,
Qarşınızdan ötən bir ruzgar kimi
O dilbər çay kimi burdan keçərkən,
Salamlar aparın oğluma məndən.
Söyləyin: yolunu sənin gözləyir
Həsrətli gözlərlə dərdli bir qarı.
Həp səni gözləyir, səni özləyir
Qəlbinin qərarsız çırpınışları!
Yolçular dedilər: - Qulaqlarımız
Yaxşı xəbərlərə, açıqdır ana!
Sifarişlərini yerli-yerində
Gedib çatdırarıq, yəqin, oğluna.
Dinləyib qarını incədən-incə,
Azacıq bir zaman söhbət etdilər…
Aradan bir xəfif ruzgarəsincə
Getdilər, yolçular varıb getdilər.
- Yolçu yolda gərək! - deyə, atlara
Dəydi ilan kimi iti qamçılar.
Təkərlər torpağı cırmaqlayınca,
Gözlərdən itmişdi bizim ixtiyar.
İxtiyar gözlərdən itmişdi, ancaq
Yolçular da varıb getmişdi. Ancaq,
- Leyla, Leyla! – deyəətrafa pəsdək
Bir çoban türküsü yayılmadaydı…
Sanki ilham alıb varlıq bu səsdən,
Canlılar qəşş edib bayılmadaydı,
Cansızlar uyqudan ayılmadaydı, ayılmadaydı!…