Həyata dəvət
Həyata dəvət (1911) Müəllif: Firudin bəy Köçərli |
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s. |
"Dünya beş gündür, beşi də qara". Beş günlük ömürdən ötrü bu fəna dünyada səy və təlaş etməyin, mal və dövlət şövqünə düşməyin, kəsb və hörmət qeydinə qalmağın, ömrü bihudə çürütməyin lüzumu varmı? Hər nə etsək axırımız fənadır! Kişi gərək axirəti üçün çalışsın, onun üçün sərmayə qazansın, ölümünü yadından çıxarmasın, gözünü axirət guşəsinə tiksin.
Ey əzizan! Bir baxın dünyayə--ibrətxanədir,
Axırın fikr etməyən aqil deyil, divanədir….
Möhtərəm üləma, vaizlərimizin məscidlərdə və məclislərdə camaata xitabən söylədikləri sözlər və nitqlər əksər övqat bu qisim vəz və nəsihətlərdən ibarət olduğu cümləyə məlumdur. Bu məzmunlu vəzlər ilə ruhani atalarımız, "salikani-rahi-həqiqət" camaatın etiqadına pərxaştlik və süstlük gətirib, dünya zindəganlığından onu soyudurlar, ümuri-məişətdə lazım olan səy və təlaşdan bir növ kənar edirlər. Bu qisim vəz və nəsihətlərin bərəkətindən müsəlman qardaşların var qüvvətləri zəifləşir, fikirdən hünərləri yatır, cürət və hünərləri bir işdə büruz etməyir, qəzalarına razı olub, hər bir cəfa və məşəqqəti qəbul edirlər, hər növ zəhmət və əziyyətə qatlanıb məişətin pozğun və cəfalı övzasına tab gətirirlər və hər işdə "migüzərəd" deyib rahət olurlar.
Dünya beş günlükdür, onsuz da axırı ölümdür. Beş günlük ömürdən ötrü çalışmaq yararmı və çalışmaqdan nə hasil?
Sultani-cahan isə gedər, canə inanma,
Çün baqi deyil, mülki-Süleymanə inanma.
Bəs hər kəs öz cəzasını o dünyada alacaqdır, lazımdır ölümə hazırlaşmaq, həyata vəfa yoxdur, baqi deyil.
Dünyagir və tamahkar vaizlər üçün camaatın belə qəflət və cəhalətdə yaşamağı, əlbəttə, çox xeyirdir. Hər nə ki, az-çox onlar qazanıb təhsil etsələr, gətirib öz ağalarına təslim edəcәklər, özləri isə aza qənaət edib, ancaq beş günlük ömr üçün əldə bir azacıq sərmayə saxlayacaqlar. Çünki ruhani ataları onlara vazeh dəlillər ilə sübut ediblər ki, dünya malı cəhənnəm odudur, nə lazım onu cəm etmək.
Nə gərəkdir sənə bu dövlətümal,
Yükünü yüngül eylə, ey həmmal!
Üləmayi-kiram həməvaxt biçarə hammalların zəhmətinin səmərəsini hiylə və təzvir ilə əllərindən alıb yüklərini yüngül etməyə çalışmışlar.
O səbəbdəndir ki, müsəlman aləminə nəzər yetirdikdə, onun fəna halı ilə avropalıların dolanacağını tutuşdururkən əqli-insan heyrətdə qalır. Dövlət, sərvət, mərifət, kamal, hünər, bilik, bacarıq, rahət güzəran avropalılarda; fəqr, zəlalət, yoxsullüq, cəhalət, avamlıq, hünərsizlik, narahatlıq, icz, əsarət və kəsalət aləmi-islamda. Bunlar gözün tikiblər axirətə, beş günlük ömrü bir tövr keçirib, darü bəqaya vasil olmağa, onlar çalışırlar dünya zindəganlıqlarını rahat etməyə və mürəffəhal ilə dolanmağa, özləri üçün dövlət və hörmət qazanmağa. Bunlar fəlakət və qəflətdə, onlar ciddiyyət və səadətdə; bunlar ölü, onlar diri! Avropalıların bu fəaliyyət, ciddiyyət və səadəti onların müsəlmanlardan artıq dərəcədə qabil və müstəid olmaqlarından deyil, məhz ondan naşıdır ki, onlar həyatın qədrini bilib, ondan müstəfid olurlar. Müsəlmanlar isə həyata meyil etməyib, məmatın fikrindədirlər.
Rus ədiblərindən məşhur Q. Petrov qraf Tolstoyun bir para fəlsəfəyə məxsus əsərlərini məqami-tənqidə qoyub, məzkur əsərlər rusların tənəzzül, kəsalət və bətalətinə səbəb olmasını sübuta yetirir. Tolstoyun "məzərrət və şərarətə müqavimət etməməlidir" rəy və qövlünü Petrov batil və müzürr əqidələrdən hesab edib, rusları həyata dəvət edir və nəsihət üzü ilə onlara deyir: "Diriliyinizi qənimət bilib, zindəganlıq ediniz, zindəganlığın şərtlərini öyrənib, rahat yaşayınız, vaxtınızı qəflətdə keçirməyiniz, yatmayınız, donub bir nöqtə üzrə qalmayınız, yaşayınız və başqalarının həyatına səbəb olunuz. Ülum və fünuna, sənaye və ticarətə, fəlsəfəyə, alış-verişə, ziraətə, məktəb və mədrəsələrə hərəkət veriniz, həyat bəxş ediniz, məişət üçün təzə üsul və qaydalar tərtib ediniz, siyasi və iqtisadi işlərinizə təğyir və təbdil verib, başqaları ilə rəftar və əlaqənizi düzəldiniz, hürriyyət və ülviyyət kəsb ediniz". Bundan sonra cənab Petrov yazır:
"Hürriyyət, müsavat və üxüvvət məsələsində gərək bir qüsur olmasın. Cümləyə qardaş gözü ilə baxılsın, başqalarının hüquq və ixtiyarlarına, məmuriyyət və asayişə riayət edilsin, bir nəfsə və bir tayfaya bir zərər dəyməsin. Heç bir millət və tayfanın şan və şərəfinə xələl yetişməsin, haqlarında cövr və sitəm rəva görülməsin. Hər bir millət, qövm və tayfa gərək xəta və bəladan məsun qalıb, asudə yaşasın, öz ədəbiyyat və lisanlarını, ayin və adətlərini mühafizə edib, bacardıqları xidməti bəşəriyyət aləminə yetirsin".
Petrovun əqidəsincə, əcnəbi millətlərin haqqında icra olunan təzyiqat, zülm və cəfa, həqiqəti-əmrdə qətlə bərabərdir, həqq-təala yaratdığı işığı söndürmək mənziləsindəndir, günahsızların qətlinə fərman vermək, acizləri boğazlarından asmaq məqamındadır. Bundan sonra Petrov cənabları yazır: "Həyatı unutmayınız, ona rəhminiz gəlsin, həm vücudunuzda, həm başqalarda onu mühafizə ediniz, seviniz və əziz tutunuz, əski və qədim nişangahların uçub dağılmasına razı olmayıb, yazığınız gəlirkən qüvvətli bir millətin hücum və zülmü altında başqa bir zəif millətin hüquq və hürriyyətinin əlindən alınmasına, dilinin və dininin məhv və nabud olmas?na r?hminiz g?lm?zmi?….".
Petrovun bu sözləri qızıl suyu ilə yazılmalıdır!
Əlhəqq, həyatı sevmək və onun qədrini bilmək lazımdır. Bizlər isə bu mətləbdən qafil və uzaq düşmüşük, həyatın qədrini bilməyirik və hər kəs ki, bizlərdən bir azacıq onun qədr və qiymətini dərk edib, övzai-məişətini islah etməyə çalışır, dərhal cənab vaiz ilə ağa dərviş onun qapısını kəsib uca səslə yadavərlik edər ki, ey qafil, dünya ibrətxanədir, dünyaya uyma, axirəti əldən qoyma, karvani-dəhr yola düşübdür. Hər kəs yükünü tez yükləsə mərdanədir. Bu dünyayi-dunə rəğbət etmə. Axirət üçün tədarük gör, guşeyi-qəbirdən gözünü çəkmə, naz ilə başını balişi-nazə qoyma, çünki min-min nəzakət əhli xak ilə yeksan olublar.
Başını naz ilə qoyma nazbalış üstə, bax,
Gör nəzakət əhli min-min xak ilə yeksanədir!
Huşiyar ol, qıl tədarük, bax gedənlər səmtinə--
Guşeyi-qəbrə--qaranlıq, dar, nəmiş, viranədir.
Vaizin və ağa dərvişin belə sərsəri-xəzanə bənzər nəfəsi-sərdi müsəlman qardaşları cünbüş və hərəkətdən salıb, bütün cəsədlərinə bir süstlük və pərişanlıq ariz edir, belə ki, onların hər bir şeydən şövq və həvəsi kəsilib, məmatdan səva fikir və xəyallarına başqa bir şey gəlmir. Bir kəsin cürət və hünəri olmur ki, vaizi-alicənabdan sual etsin, əcəba, bu qaranlıq, dar və nəmiş məqama yazığı nə üçün dəvət edirsən, burada ki, həyatdan bir əsər yoxdur. Bu viranə mənzil ancaq ölülər üçündür. Mən ki, hələ ölməmişəm, diriyəm. Mənim zindəganlarıma, eyşü işrətimə nə üçün zəhər qatırsan, halımı pərişan və fikrimi didərgun edirsən?
Ey bizim ruhumuzun mürəttibləri və başımızın sahibləri ruhani atalarımız! Bizə rəhminiz gəlsin, insaf və mürüvvət ediniz, ətrafımızdakı miləlü əqvamın cümləsi tərəqqi yoluna düşüb, aramsız ciddü cəhd etməkdədirlər, əsbabi-məişətlərini təhiyyə qılmaqdadır. Cümlənin əqli, fikri, zehni işləyir, övzai-məişətləri yaxşılığa və asanlığa çevrilir. Cümlə millətlərin əfradı arı səbətlərə bal daşıyar kimi müttəsil işləməkdədirlər, amma biz yatıb qalmışıq, nə əqlimiz işləyir, nə fikrimiz və nə zehnimiz. Gözümüzü ancaq axirət guşəsin? tikib qalm?s?q. H?rd?n bir cunbus v? h?r?k?t buruz etdikd? aga d?rvisin s?si gusumuza yetisir: "Axirin fikr etm?y?n aqil deyil, divan?dir….".
Q. Petrov rusları həyata dəvət edən kimi biz də müsəlman qardaşlara xitabən ərz edirik: "Ey qardaşlar, həyatın qədrini biliniz, həyat allah-taalanın ətiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur. Haqq-taala "Leysə lil insanə illa masəa" [1] əmr buyurmamışlarmıdır?
[1] Tərcüməsi: İnsan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdir.