Məzmuna keç

Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə

Vikimənbə saytından
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə
Müəllif: Məhəmməd Füzuli


Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,
Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!

Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,
Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə!

Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,
Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!

Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,
Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!

Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,
Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!

Yolunda intizari-məqdəminlə xak olan çoxdur,
Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!

Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,
Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!