Məzmuna keç

Həzrət Süleyman və Tovuz

Vikimənbə saytından
Rəvayətlər. Həzrət Süleyman və Tovuz
Müəllif: Şifahi xalq ədəbiyyatı


Süleyman peyğəmbər Tovuz adlı bir qıza aşiq olmuşdu. Nə qədər eləyirdi, Tovuz ona getmirdi. Axırda Süleyman Tovuzu zorla almaq fikrinə düşdü. Tovuz bunu bilib dedi:

– Quş dimdiyindən bir ev tikərsən, ayağı dəryadan nəm çəkər, başı buluddan. Sənə gələrəm. Məni toy eləyib evə apararsan.

Süleyman peyğəmbər bu şərtə razı oldu. Bu fikrə gəldi ki, dünyada olan quşların hamısını toplasın, qırdırsın, dimdiklərindən imarət tikdirsin. İxtiyarı var idi, çünki hamısının padşahı idi. Bəli, quşların hamısını topladılar. Süleyman peyğəmbər baxıb gördü ki, təkcə yapalaq yoxdur. Vəzir, vəkili göndərdi ki, onu da gətirsinlər. Yapalaq vəzir, vəkilə dedi:

– Mən axmaq padşahın çağırışına getmirəm. Özüm də bəy quşam.

Qayıdıb Süleymana xəbər verdilər:

– Deyir, mən axmaq padşahın çağırışına getmirəm, özüm də bəy quşam.

Süleyman qəzəblənib özü getdi. Yapalaq ona dedi:

– Bir saatlığa padşahlığını mənə tapşır, gəlim, yoxsa gəlməyəcəyəm. Özümü də quşların bəyi elə.

Süleyman razı oldu. Bayquş onunla gəldi. Süleyman bir saatlığa padşahlığı ona tapşırdı. Özünü də quşlara bəy elədi. Bayquş taxta çıxıb dedi:

– Ay şah, bir qızdan ötrü bütün quşları qırıb nəslini kəsmək olarmı? Mən quş dimdiyindən sənə Tovuz dediyi imarəti tikərəm.

Bayquş əmr elədi, hər quş dimdiyinin ucundan bir az kəsib bir yerə topladı. Böyük dağ əmələ gəldi. Süleyman peyğəmbər Tovuz dediyi binadan da gözəl ev tikdirdi. Bayquşa da dedi:

– Sən elə bəyə layiq quşsan, sənin adını bayquş qoyuram, özümə vəzir qəbul edirəm.

Bu zamandan onun adı bayquş qaldı.

Bəli, Süleyman peyğəmbər qırx gün, qırx gecə toy elədi, Tovuz tikdirdiyi evə gətirdi. Hər gün Tovuz bəzənirdi, düzənirdi, öz gözəlliyi ilə fəxr eləyirdi.

– Xudaya, görəsən dünyada mənim kimi də gözəl varmı? – deyirdi. Qanrılıb ayağına baxanda xəcalət çəkirdi. Çünki ayaqları çirkin idi. O, həmişə ayaqlarını Süleyman peyğəmbərdən gizlərdi. Günlərin bir günü Süleyman peyğəmbər ona dedi:

– Bilmirəm, nə üçün ayaqlarını həmişə məndən gizlədirsən...

Tovuz söz tapa bilmədi, dedi:

– Düz deyirsən.

Tovuz o biri otağa getdi, bəzəndi, düzəndi.

– İlahi, görəsən mənim kimi dünyada gözəl varmı? – dedi.

Ayaqlarına bir də baxanda, xəcalət çəkdi, bu ayaqla Süleyman peyğəmbərin yanına getmək istəmədi. Üzünü göyə tutdu, yalvardı:

– Allah, məni quş elə.

Allah onun yalvarışını eşitdi, quş elədi. Tovuz uçub qapıdan çıxdı. Süleyman peyğəmbər dediyi sözə peşman oldu. İndi də Tovuz quşu qanad çalır, pərvazlanır, öz gözəlliyi ilə fəxr edir, amma ayağına baxanda xəcalət çəkir.

Mənbə

[redaktə]