Həzrəti Xətmi-Rəsulun bu, viladət günüdü

Vikimənbə saytından
Həzrəti Xətmi-Rəsulun bu, viladət günüdü
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 36-37

Həzrəti Xətmi-Rəsulun bu, viladət günüdü,
Əvvəla zikr edək adına qərra salavat.
Bu bütün ümmətin, əslində, səadət günüdü,
Bir də zikr et o böyük zatə mübərra salavat.

Bu günü şövq ilə bayram eləyir eşq əhli,
Ki bu dünya üzünə Həzrəti Əkrəm gəldi,
Sildi mövludi-şərifilə cahandan cəhli,
Xəlqi islah eləyən müslihi-aləm gəldi.

Elə bir şəmsi-səadət doğulubdur ki, bu gün,
Üzünün nuruna göylərdə mələklər heyran,
Ləblərindən utanar qönçələr ağzında düyün,
Güli-rüxsarına gülşəndə çiçəklər heyran.

Onu təyin eləmiş aləmə Xaliq rəhbər,
Bəşəriyyatın ədalətli hidayətçisidi,
O Məhəmməddi ki, aləmlərə rəhmət gəlmiş,
Ümmətin ərseyi-məşhərdə şəfaətçisidi.

Nəsib olmuş ona Rəbbilə görüşmək şərəfi,
Odu Əsra gecəsi göylərə merac eləyən.
Odu Merac gecəsi yeddi göyə şölə saçan,
Səri-əflakə ayağın tozunu tac eləyən.

Odur ən üstünü, ən əçrəfi külli-bəşərin,
Kəbədən də odu izzətli, müəzzəm, ali.
Mizan acizdi çəkə ondakı şənin qədərin,
İki dünyaya dəyər bircə nübuvvət xali.

Dərgəhi-pakinə bilsən məni nokər, şahım,
Bu kifayətdi, cəlalımdı, vüqarımdı mənim.
Sənin eşqinlə məni müjdələmiş Allahım,
İki dünyada bu eşq dövləti-varımdı mənim.