Hər kəsin kim, can üçün bir mehriban cananı yox
Hər kəsin kim, can üçün bir mehriban cananı yox Müəllif: Məhəmmədəli bəy Məxfi |
Hər kəsin kim, can üçün bir mehriban cananı yox,
Öylə bilsin cismi var, amma içində canı yox.
Bir könül kim, xalidir aləmdə zövqi-eşqdən,
Bir xərabə mülkə bənzər kim, onun sultanı yox.
Ləblərin bir abi-heyvandır, xətin zülmət ona,
Böylə zülmət içrə Xızrın çeşmeyi-heyvanı yox.
Hər ay olduqda müdəvvər var bir nöqsanı, leyk
Bədrlənmiş aydır, ol arizin[in] nöqsanı yox.
Zülfünə eşq əhli iman verməyin zahid əgər
Küfr söylərsə, nola ol kafirin imanı yox.
Hər qəm olsa dəhrdə derlər ki, bir payanı var,
Gör nə qəmdir dərdi-hicrin kim, onun payanı yox,
Yar cövrü təndə mehman olsa, xoşdur könlümə,
Tarmar olsun o evlər kim, onun mehmanı yox.
Hər vüsalın aqibət aləmdə bir hicranı var.
Talibəm mən ol vüsalə kim, onun hicranı yox.
Dərdimin tədbirini sordum Fəlatundan, dedi:
Məxfi, dərdin eşq dərdidir, onun dərmanı yox.