Məzmuna keç

Ha yana-yana

Vikimənbə saytından
Ha yana-yana
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Baxışların bir od vurub canıma,
Qalmışam çarəsiz, ha yana-yana.
Aşıq deyər, ha yana?
Dara zülfün, ha yana.
Eşqindən səməndərəm,
Cismim oda ha yana.
Ümidəm, gözlərin baxa üzümə,
Nə isə hey baxır ha yana-yana.

Canan getdi bağçasından gül üzə,
Güllər baxdı, heyran qaldı gül üzə.
Mən aşiqəm gül üzə,
Qoyma xoryad gül üzə.
Bülbül fəğan eylədi,
Endi güldən gül üzə.
Kərəm yandı, həsrət qaldı gül üzə,
Əsli də oduna ha yana-yana.

Məmmədhüseyn, yar yuxudan oyandı,
Səhər günəş camalından o yandı.
Aşıq deyər, o yandı,
Günəş kimi oyandı.
Mənim qəlbim onadı,
Onun qəlbi o yandı.
Bahar gəldi, ana dağlar oyandı,
Çiçəklər köksündə ha yana-yana.