Məzmuna keç

Hacı Hüseynin Aşıq Alıya at bağışlaması

Vikimənbə saytından
Hacı Hüseynin Aşıq Alıya at bağışlaması
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Əsərləri (PDF) (az.). "Avrasiya press". 2006. ISBN 978-9952-421-82-8. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Ağbulaxlı Hajı Hüseyn Aşıx Alının yaxın dosdannnan biri oluf. Deyilənnərə görə, Hajı Hüseyn Göyçənin addı-sannı, tanınmış, yoxsul dərdi çəkən səxavətdi adamlarınnan biriymiş. Aşıx Alı həmişə qonşu kənddərə, Qaraqoyunnu dərəsinə, eləcə də Qazağa, Tovuza, Borçalıya gedəndə Hajı Hüseynin evinə düşər, dostuna qonax olardı. Eşidif bilən kimi qonum-qonşu aşığın başına toflaşar, Hajının öyü toy öyünə dönərmiş. Günnərin bir günü Aşıx Alı dostu Qiyas ağadan bir məktuf
alır. Oxuyanda görür kü, dostu onu Qazağa oğlunun toyunu keçirməyə çağırır.
Daha durmağın yeri döyüldü. Aşıx Alı hazırraşıf şəyirdi Mehtiynən birrikdə yola düşür. Basarkeçərdə Mehtiyə deyir ki, bala, atının ayağı nalsızdı, gətir nalladax, sonra gedək. Atı nalvəndə çəkif nallatdılar. Nalladannan sonra atdarın ağzını çevirillər Qazağa tərəf. Məzrə kəndini keçəndə görüllər ki, at axsayır. Şişqayada daha at çox çətinniknən ayağının birini yerə basır.
- Ayə, ay Mehti, bu çərrəmiş yoxsa bizi yolda qoyar, atın mayasına mıx dəyif, - deyə Alı dillənir.
Uzun sözün qısası onnan bir təhər gün varkən Ağbulağa çatıllar. Hajı Hüseynnən Aşıx Alı çox mehribannıxnan görüşüllər. Hajı qonaxları otağa dəvət etdikdən sonra eşiyə çıxıf uşaxlara deyir ki, Alıgilin atdarını tövlüyə çəkin. Uşaxlar atı içəri çəkəndə görüllər ki, aşığın atı axsıyır.
Axşam yaxşı qonaxlıx düzəldillər. Kəndin ağsaqqalları, saz-söz həvəskarrarı Alının başına toflaşır. O da gejəyə əməlli-başlı bir körpü atır. Düz gejə yarıya kimi çalıf-oxuyur, şirin söhbətdər eliyir. Savah açılanda Aşıx Alı Qazağa yola düşməli olur. Bu vaxt onun qavağına özgə at çəkillər. Alı bir qədər tərəddüd eliyir.
- Alı, min sür, sənin atının mayasına mıx dəyif, nalını sökdürmək lazımdı, - deyif Hajı Hüseyn irəli yeriyif atın cilovunnan tutur. Aşıxlar yola düşüllər. İki gün sonra Hajı Hüseyn Aşıx Alının atını Qızılvəngə qaytarır. Deyilənnərə görə, Aşıx Alı Qazaxda çox ləngərri bir toy keçirir. Aşığı on dörd gün Qazaxdan buraxmıllar.
Yarım aydan sonra Alı yenə Ağbulağa qayıdır. Dostunun evinə düşür. Dincini alannan sonra Qızılvəngə gedəcəyini bildirir.
Hajı Hüseyn deyir ki, Alı, sənin atını ilxıya buraxmışam, at atdı nə fərqi var, elə bu atı min get. Alı dostunun bir sözünü iki eləməzdi. Bilirdi ki, Hajı belə şeylərdən inciyən adamdı. Odu ki, Aşıx Alı görüşüf yola düşməli olur.
Aşıx gəlif Qızılvəngə çatanda görür ki, öz atı həyətdə hörüklənif. Aşıx Alı elə belə adam döyüldü. Hər şeyi o saat başa düşür. Bilir ki, Hajı Hüseyn atı ona bağışdıyıf.
Axşam qonum-qonşu toflaşıf aşığın Qazaxda görüf-bildiyinnən danışmağı xahiş eliyillər. Alı Qiyas bəyin dostduğunnan, Qazax camahatınnan, keçirdiyi toyun böyüklüyünnən ürəkdolusu danışır. Sonra da qayıdır ki, Ağbulaxlı Hajı Hüseyn bir görün başıma nə oyun açıf...
- Onu da bilmişik, - deye kimsə yerdən dillənir, - canın sağ olsun, bir gün olar sən də onun yaxşılığınnan çıxarsan.
Aşıx Alı qayıdır ki, siz mənim dostumu hələ yaxşı tanımırsınız. O, heş nədən yaxşılıx güdən adam döyül. Bir dəfə Hajı evində xəstə yatırmış. Arvad-uşax xəvər gətirir ki, koxa camaatı kəndin ortasındakı meydana tofluyuf, vergi üstündə incidir.
Hajı uşağa deyir ki, tez Hajı Kazımı tapıf yanıma gətir. Hajı Kazım onun böyük oğluydu. Hajı Kazımı çağırıllar. Hajı tərs-tərs onun üzünə baxır.
- Ay dədə, nə oluf? - deyə, Hajı Kazım soruşur.
- Nə olajax, a bala, sən eşidmiyifsən ki, koxa camaatının başına nə oyun açır?!
Bu saat gedif o koxaya deyərsən ki, mənim camaatımı pula görə çox nahax incidir.
Gəlsin pulunu verim.
Hajı Kazım tez evdən çıxıf özünü verir koxanın yanına. Çatan kimi görür ki, koxa qızmış nərə dönüf camaata daha nə qalır deməmiş. Koxuyu çağırır bir kənara, Hajı Hüseynin dediyini ona çatdırır. Koxa bilir ki, Hajı onu hörmətdən salajax.
Başdıyır dil-ağız eləməyə ki, vallah elə ajığım tutmuşdu. Vergiyi yaman yuvadıflar. Hajı Kazım Hajı Hüseynin verdiyi pulla camaatın vergisini bağlıyır.
Hajı belə səxavətdəri çox eliyif. Bir at Hajı üçün o qədər də böyük şey döyül.
Sazımı gətirin görüm mən də Hajıya öz ürək sözümü necə çatdıra bilirəm...

Bu dari-dünyada, Göyçə elində
Hörmətdə, izzətdə birsən, ay Hajı.
Sənə qismət verif xaliqi-sübhan,
Həqiqət yolunda şirsən, ay Hajı.

Başı yığıncaxlı, cövrü-cəfalı,
Qohuma-qonşuya, dosta vəfalı.
Qonaxlı-qaralı, Hatəm səxalı,
Süfrələr açmaxda birsən, ay Hajı.

Tanıyır el-ova düz insan səni,
Tutammaz şöhrətdə nə boy, xan səni,
Azmı eyləmişəm imtahan səni?
Ərrər meydanında ərsən, ay Hajı.

Süfrəsi, dövləti, halal əməyi,
Yüzdüklər xərşdiyər əsmər ürəyi.
Yetimlər köynəyi, yoxsul çörəyi,
Əvvəldən bir açıx dərsən, ay Hajı.

Yanında xəcalət bu Aşıx Alı,
Bağışda sən allah bu qeylü-qalı.
Seyiddən, molladan elə daldalı,
Vallah ziyarətsən, pirsən, ay Hajı.