Məzmuna keç

Halın necədir?

Vikimənbə saytından
Halın necədir?
Müəllif: Cəfər Cabbarlı

Ay Baba, söylə görüm, indiki halın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?

Söyləyirdin bizə daim niyə bu qədr yalan
Ki, uzun oynanacaq səhnədə "Arşın mal alan?”
Öləcək səhnə, drama, nə ki, var yerdə qalan.
Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan.
Di bu cəmiyyətə məqsudi-məalın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?

Səhnəyə çəkdi "Səfa" ildə on üç gün zəhmət,
Hasili getdi drama baş-ayaq, bir rəhmət;
Aktyorlar yığışıb axın etdi hümmət,
Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət.
Di bu cəmiyyətə sorğu-sualın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?

Dirilib indi drama, kefim olmuşdur çaq,
Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq!
Aşna, gördüm şaşıb hərdəm danışırsan baş-ayaq,
Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ!
Başa gəldi, o sənin əmri-mahalın, necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?

Daha hər lobyasatan, çəkməçilərlə həmrah
Oluban, küçədə verməkçin oyun, tapmaz rah;
Dirilib gəldi drama, azacıq söz kütah,
Ömür lütf et belə artistlərə, sən ey Allah!
Söz ki bitdi, daha sındı pərü balın, necədir?
Gələcək səhnə üçün fikrü xəyalın necədir?