Hal anasının işləri

Vikimənbə saytından
Rəvayətlər. Hal anasının işləri
Müəllif: Şifahi xalq ədəbiyyatı


Hal anası dedikləri cin kimi bir şeydi. Hamilə qadınlarla yaman öjdü. Qadın doğan kimi xəlvətcə hamilə qadınlara yanaşar, ciyərini çıxarıb apararmış, balaları ilə yeyərmiş.

Günlərin bir günündə qonşuluxda bir qadın doğurmuş. Hal anası da elə onun pusqusundaymış. Hal anası gəlməsin deyə gəlinin sahibi əlinə bir dəmir şiş alıb başlıyır divarı cızmağa. Divar da başdanayağa gərəy elə cızıla ki, hal anası ordan keçə bilməsin. Deyirlər dəmirlə cızılan yerdən hal anası keçə bilməzmiş, zahı da sağ qalarmış. Ancax elə ki görürlər zahının halı hal deyil, dil ağzından çıxır, nəfəs kəsilir, bilirlər ki, hal anası nə təhər olubsa cızıxdan keçə bilib, zahıya yaxınlaşıb. Elə ciyərini də çıxarthaçıxartdı. Adamların bir neçəsi tez kəndin aralığından axan çaya qaçırlar. Əllərindəki xəncərlə başlayırlar çayın suyunu doğramağa. Deyirlər, hal anası ciyəri çıxardan kimi çaya apararmış, elə oradaca balaları ilə yeyərmiş. Adamlar da suyu xəncərlə doğramaqla hal anasını qorxuzub ciyəri yerinə qaytarmaq istəyirlər. Amma nə qədər əlləşirlərsə, ciyəri hal anasından ala bilmirlər. Zahı da canını tapşırır.

Mənbə[redaktə]