Məzmuna keç

Hamballar

Vikimənbə saytından
Hamballar
Müəllif: Cəlil Məmmədquluzadə

Tarixi-miladinin 1921-ci ilində,-- ki bolşevik inqilabının Bakıda ikinci ili idi,--təzə Kommunist hökuməti var qüvvətini və həvəsini məmləkəti düzəltməyə sərf etməkdə idi,--mən də qohumlarımızın birinin evində yaşayırdım. Qabaqca mənzil tapmaq fikrinə düşdüm. Rəfiqlərimin köməkliyi ilə və idarələrin sayəsində mənzil də tapdıq; ancaq mənə verilən üç otağın nə bir stol-kürsüsü vardı ki, üstündə oturub yazı yazasan, nə də bir qeyri avadanlıq vardı. Haradan da tapmaq olar? Nə dükan-bazar var ki, gedib pul verib alasan, nə də çoxluca pul var ki, dəllal vasitəsilə artıq qiymət verib hər bir şeyi gətirdəsən.

Xülasə.

Stol-kürsü qeydindən də məni qurtaran genə, mənə tanış idarənin birisi oldu; belə ki, bir kağız verdilər əlimə ki, gedim Bolşoy Morskoy küçədə 13 nömrəli hökumət anbarından bu şeyləri alım aparım (söz yox, pulsuz): iki şkaf (kitab şkafı və çörək şkafı), iki kürsü (böyük və kiçik), dörd dənə sandalya (üstə oturmağa), iki dənə kravat (biri dəmir, biri taxta), bir dənə çaydan (samavar əvəzi) və bir dənə rus qazanı (bozbaş bişirməyә).

Amma bunu da lazım bilirəm burada qeyd edəm ki, bu kağızı mənim əlimə verən məmur kağızı verəndə dedi ki:

"Anbarın müdirinə bu kağızı göstər və söyləginən ki, xırda-mırda şey verməsin … yaxşısını versin!"

Hərçənd bu sözlər məni bir az fikrə saldı, mən "Baş üstə" deyib getdim və Bolşoy Morskoy küçədə haman anbarı tapdım. Anbarın müdiri sarısaqqal kişi idi. Kağızı nişan verdim. Müdir kağızı aldı və başını bulaya-bulaya oxudu və bir söz deməyib qələmi götürdü, haman kağızın üstünə bir şey yazdı və axırda mənə verib dedi:

"Yoxdu."

Mən çıxdım küçəyə və kağıza baxıb gördüm ki, qırmızı mürəkkəblə yazılıb: "Anbardan daha şeylər qurtarıb". Gətirdim kağızı verdim haman mənə kağız verən idarənin katibinə, o da kağızı oxudu və gülə-gülə dedi:

"Bijlik eləyir."--Və haman kağıza bu da qırmızı mürəkkəblə bir şey yazdı, verdi mənə və dedi:

"Bu kağızı apar ver və şeyləri götür apar!"--Mən dedim:

"Axı müdir burda yazır ki, şey yoxdu."

Katib genə gülümsündü və dedi:

"Bijlik eləyir."--Mən dedim:

"Yaxşı, bəs nə eləmək, çarə nə?"

Katib bir az fikirləşdi və mənim üzümə baxıb dedi:

"Əgər müdir dirənsə və vermək istəməsə, onda sən də de ki, gedib anbarın hər yerini axtaracağam."

Küçəyə çıxdım və çox acmışdım, gəldim mənzilə, bir tikə pendir-çörək yedim və oğlumun anası ilə bahəm getdik Bolşoy Morskoy küçəyə. Bu dəfə də müdir kağıza baxıb, genə başını buladı, amma bir az dayanıb dedi:

"Yaxşı, hər nə tapılsa verərəm; amma bu şeylərin çoxusu burda yoxdu."

Müdir karandaşla siyahidə yazılan şeylərdən bir qazanın üstünə cızıq çəkdi və dedi: "Yoxdur", şkafın birinin üstə cızıq çəkdi və bir az üzümə baxdı, bir də kağıza baxdı. Belə oxşayırdı ki, anbar müdirinin bizə yazığı gəldi və durdu ayağa və dedi:

"Gedək."

Qabaq otaqdan keçdim dal otağa, oradan o birisinə və genə üçüncü otağa; müdir də, biz də sağa-sola göz gəzdirə-gəzdirə getdik və mənim siyahimdə yazılan şeylərin birini də burada görmədik. Burada lazım olan şeylərin birini də tapa bilməyib, müdir bizi apardı dördüncü otağa və mənə dedi:

"Bax, mən görürəm ki, sən bir abırlı qoca kişisən, daha gəlib getməkdən yoruldun. Burdakı şeyləri xəzinədarın müavini dünən sayıb qoyub burda və mənə tapşırıb ki, bir kəsə verməyim. Mən cürət edib bu şeyləri sizə verə bilərəm: bax, bu şkafı, bu stolu, bax sandalyaları. Sonra, bax, istəyirsiniz bu stolu da aparınız; həmi sandalyadır, həmi də taxtdır, üstə fərş salıb oturmaq olar. Bax çaydan əvəzinə bu beş-altı tarelkanı da sizə verə bilərəm."

Sövdəmizi qurtardıq və qət olundu ki, hambal çağıraq şeyləri aparsın.

Uşağın anası ilə çıxdıq və küçədə duran hambalların birini çağırdıq ki, gəlsin danışaq.

Biz üzümüzü bir hambala tutduq, amma haman dəqiqə bir hambal əvəzinə bir dəstə hambal bizi bürüdü. Bunlar hamısı İrəvan kürdləri idi. Biz istədik qabaqca şeyləri nişan verək və danışaq ki, aparsınlar, amma təqribən on beş-iyirmi hambal şeyləri görüb, daha qulaq asmadılar və başladılar haman şeyləri köməkləşib küçəyə daşımağa. Uzaqda duran hamballar da həmçinin buraya cəm oldular və başladılar bizim şeyləri hərə özünə yük eləməyə. Amma çünki hər hambala bir şey düşmürdü, onun üçün, məsələn, bir şkafın hər ayağından və qapısından bir hambal yapışmışdı. Biz bilmirdik bunlar nə qayırırlar. Niyə belə eləyirlər və bu şeyləri hara aparmaq istəyirlər? Məlum ki, bizim bunlarla zarafatımız yoxdu və əgər sövdələşməmiş bunlar şeyləri mənzilimizə aparsaydılar, biz bilmirdik ki, bunlar bizdən nə qədər pul tələb edəcәklər; onun üçün də lazım idi qabaqcadan danışsınlar, sonra şeyləri götürsünlər. Amma gördüm ki, mənə etina eləyən yoxdu və şeylərin bir neçəsi daha hambalların çiynində idi; yerdə qalan şeylərin də üstünə qalan hamballar düşüb elə kəşakəş və elə bir qır-vır salmışdılar ki, mənə daha qulaq verən yoxdu.

Gəldim anbar müdirinə dedim ki, bu nə mərəkədir və nə səbəbə buranın hambalları xalqa əziyyət verirlər? Gördüm ki, müdir özü də çiyinlərini ata-ata məəttəl qalıb; bir qərar ilə ki, acizdir.

Şeyləri dallarına yükləyən hamballar gəlib bizə ariz oldular ki, biz düşək qabağa və bunlara yol göstərək. Mən labüd qaldım bunlara deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. Mən bu sözü ağzımdan qaçıran kimi hambalların bir neçəsi xoruzlana-xoruzlana üstümüzə hücum elədilər və bağıra-bağıra bizə bu sözləri dedilər:

"Ey xozeyinlər! Bizlə zarafat yoxdu. Bizi daha ələ sala bilməzsiniz. Biz sizə nökər deyilik, biz hambalıq. Sizin ixtiyarınız yoxdu bizi müftə işlədəsiniz. Düşün qabağa, bizi incitməyin. Yoxsa sizin üçün pis keçər!"

Lap əngələ düşdük. Ətrafa göz gəzdirdik, bəlkə milisdən, məmurdan bir adam görək, heç kəs yoxdu. Yazıq arvad da istədi bunları dilə tutsun və başa salsın ki, axı burada beş tikə şeyimiz var, bu beş tikə şeyi iyirmi beş hambal aparsa, axı biz gərək indidən bunu biləkmi ki, iyirmi beş nəfər hambal şeyləri aparıb çıxardandan sonra bizdən istəyәcəkləri pulu biz tapa bilərik bunlara verək, ya yox?!..

Xeyir, bu allahın bəndələrinə bu dəlilli və isbatlı sözlərin heç biri kar eləmədi; hətta mən lap çığıra-çığıra bunlara beləcə yalvardım:

"Yoldaşlar, vallah, bax, bu şeylərdən biz lap əl çəkdik. Şeyləri aparın öz evinizə."

Qardaş bunun cavabında genə bu allahın insanlarından bir nərə bir küy-kələk çıxdı ki, Bolşoy Morskoy küçə ilə keçənlərin hamısı dayandı bizə tamaşa eləməyə.

Qardaş bu nə müsübət idi, başımıza gəldi? Yavaşca arvada dedim:

"Gedək."

Düşdük hambalların, qabağına. Torqovi küçənin dönəcәyində rastımıza bir neçə avtomobil çıxdı: daldan da avtomobil səsi gəlirdi. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. Səki ilə gəlib-gedən camaat o qədər idi ki, hambalların bir-ikisini görürdük, qalanını görmürdük. Krasnovodski küçənin dönəcәyində yavaşca yapışdım arvadın əlindən və xəlvətcə soxulduq sol tərəfdə bir darvazaya. Həyətdə üç-dörd uşaq oynayırdı. Biri bizdən soruşdu:

"Kimi axtarırsınız?"

Mən həyət gözətçisini soruşdum. Bir rus arvadı da kənardan səsləndi:

"Nə istəyirsiniz?"--Dedim:

"Doktor Vasilyev burdamı olur?"--Arvad cavab verdi ki:

"Bu həyətdə heç həkim olmur."--Dedim.

"Bəs buranı bizə nişan veriblər."--Dedi:

"Hansı nömrəni nişan veriblər?"--Dedim:

"Otuz iki nömrəni!"--Dedi:

"Bu ev qırx beş nömrədi, siz gərək, bax, o tərəfə gedəsiniz."

Söz yox bunlar hamısı kələk idi ki, hamballar rədd olsunlar.

Bir bəhanə ilə beş-on dəqiqə burada ləng olub, oğru adam kimi yavaşca çıxdıq darvazaya tərəf. Küçə genə camaatla dolu idi. Yavaşca özümüzü sol tərəfə verdik və dəryanı tuşlayıb gəldik çıxdıq bulvara. Burada yarım saat əyləşdik və dəryanın mənzərəsinin təsiri altında söz yox, dincəldik və daha ağır-arxayın gəldik çıxdıq mənzilimizə.

Bizə lazım olan şeyləri düşdükcə ondan-bundan və bir parasını pulla Quba meydanından aldıq; amma sonralar çox vaxt küçədə hambal görəndə mən bir növ ehtiyat eləyirdim.

İndi daha bu ehtiyat götürülübdür; çünki vaqeən dünyada hər bir kəsdən qorxmaq lazım gəlsə, allahın aciz olan hambal tayfasından qorxmağa heç bir qorxaq adamın haqqı yoxdur və gərək də olmasın.