Hanı (Aşıq Bəsti)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Hanı (Aşıq Bəsti) Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14. |
Özgələr yanında döymə sinənə,
Aşığam deyirsən, avazın hanı?
Saza bağlamısan çarıq bağını,
Naxışlı saz bağın, qotazın hanı?
Yonublar sazını qara taxtadan,
Çən tutubdu, təzə düşüb taxçadan.
Bir bəzəkli çit tapaydın boxçadan,
Qara don geyinmiş, o sazın hanı?
Buluda dəyəndə Bəstinin səsi,
Onu eşidənin gəlir həvəsi.
Oğlan, yeməmisən usta şilləsi,
Ustaddan yadigar qapazın hanı?